“Tramp Cənubi Qafqazda tarixi sülh sazişinə yaxındır” – ABŞ senatoru – ÖZƏL
1 Avqust 10:09 DünyaOlaylar.az xəbər verir ki, ABŞ-nin Montana ştatından olan respublikaçı senator Stiv Deynz The Wall Street Journal qəzetində dərc olunan məqaləsində bildirib ki, Prezident Donald Tramp Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanması ərəfəsindədir. O, bu razılaşmanın Cənubi Qafqazda sabitlik, beynəlxalq sülh və iqtisadi rifah üçün əhəmiyyətli addım olacağını qeyd edib.
Senator deyib ki, ABŞ administrasiyası "güc yolu ilə sülh" modeli və yaradıcı diplomatiya ilə bölgədə real irəliləyiş əldə edib. Deynz hər iki ölkə lideri - Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla görüşdüyünü və onların sülh üçün yaranmış tarixi fürsətin fərqində olduğunu vurğulayıb.
Məqalədə qeyd olunur ki, Cənubi Qafqaz Rusiyanın təsirindən azad olaraq ABŞ ilə tərəfdaşlıq yolu seçir. Mərkəzi Asiya ilə Avropanı birləşdirən "Orta Dəhliz" və regionun enerji və mineral ehtiyatları bu əməkdaşlığı daha da əhəmiyyətli edir. Senator sonda bildirib ki, Ermənistan və Azərbaycan rəhbərləri bu fürsəti dərhal dəyərləndirməli və sülh sazişini imzalamalıdırlar.