“Vaqner”in izi silinir – Kreml görün nələr edir
31 İyul 15:25 Dünya2023-cü ildə Yevgeni Priqojinin qiyamından sonra Moskva xaricdəki təhlükəsizlik məsələlərinə, xüsusən də "Vaqner" özəl hərbi şirkətinin döyüşçülərinə nəzarəti daha da gücləndirib.
Olaylar.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumatda bildirilir ki, 2025-ci ilin iyun ayında Rusiya Müdafiə Nazirliyi "Vaqner" qrupunu tam şəkildə Malidən çıxarıb və onu "Afrika Korpusu" adlı yeni strukturla əvəzləyib. Yeni kontingentin say tərkibi təxminən 2 min hərbçidən ibarətdir. Halbuki daha əvvəl bu ölkədə 2,5 minədək "Vaqner" döyüşçüsü fəaliyyət göstərirdi.
Eyni zamanda Rusiya bölgəyə 100-dən çox ağır texnika, o cümlədən əsas döyüş tankları, yaylım atəşli reaktiv sistemlər (MLRS) və taktiki bombardmançı təyyarələr göndərib. Bu isə bölgədə Moskvanın hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə gücləndirib.
Moskva "Vaqner" muzdlularını mərhələli şəkildə dövlət strukturları ilə əvəzləyir. Bu proses 2023-cü ildə Suriyada, 2024-cü ildə Liviyada, indi isə Malidə həyata keçirilib.
Buna baxmayaraq, "Vaqner" qrupunun tam sıradan çıxmadığı qeyd olunur. Britaniya kəşfiyyatına əsasən, muzdlular hələ də Mərkəzi Afrika Respublikası və Belarusda fəallığını saxlayır. Bu ölkələrdə müvafiq olaraq təxminən 2 min və 300 nəfərlik qüvvə yerləşdirilib.