Şimali Koreya ABŞ və Cənubi Koreyanın nüvə müharibəsinə hazırlaşdığını bildirib - ÖZƏL

ABŞ və Cənubi Koreya Koreya yarımadasında nüvə müharibəsinin həyata keçirilməsi ssenarisinə hazırlıq aparır.
Bu barədə Olaylar xəbər verir ki,Koreya Xalq Demokratik Respublikasının Ali Xalq Məclisinin sədri Pak İn Çxol Cenevrədə keçirilən Dünya Parlament Sədrləri Konfransı zamanı bəyan edib.

"ABŞ və Koreya Respublikasının nüvə müharibəsi ssenarisinə hazırlığı təhlükəli mərhələyə daxil olub. Bu isə KXDR-i geosiyasi böhrana cavab olaraq bütün zəruri tədbirləri görməyə vadar edir", - deyə parlamentin spikeri bildirib.

Pak İn Çxol əlavə edib ki, KXDR üçün təhlükəsizlik sahəsində təhdidlərin qarşısını almağa yönəlmiş qabaqlayıcı imkanlara malik olmaq suverenliyin və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı kritik əhəmiyyətə malik vəzifədir.

O, həmçinin bəyan edib ki, ABŞ və onun "satelitləri" öz hegemonluqlarını qorumaq məqsədilə "sabitliyi pozur və xaos yaradırlar". Pxenyan isə "Amerikan özbaşınalığı" ilə barışmayacaq və beynəlxalq ədalətin müdafiəsi üçün mübarizə aparacaq.

Pak İn Çxol qeyd edib ki, KXDR xalqı ölkənin inkişafı istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edir.

Konfransda Cənubi Koreya parlamentinin sədri U Von Sik də iştirak edib. "Yonhap" agentliyinin məlumatına görə, U Von Sik və Pak İn Çxol bir-biri ilə heç bir təmas qurmayıblar.

İyulun 29-da Pak İn Çxol Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüş keçirib.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31