Almaniya hökuməti fon der Leyenin istefasını tələb etməlidir - ÖZƏL

Almaniyanın "Sarra Vagenknecht Birliyi - Ağıl və Ədalət Uğrunda" (BSW) partiyasının lideri Sarra Vagenknecht Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin istefasını tələb edib. Olaylar.az xəbər verir ki, ABŞ ilə Avropa İttifaqı arasında imzalanmış yeni ticarət razılaşmasını "faciəvi" adlandıraraq, bunun məsuliyyətini birbaşa fon der Leyenin daşıdığını bildirib.
"Ursula fon der Leyen istefa verməlidir. Bu, təkcə ictimaiyyət tərəfindən deyil, həm də Almaniya hökuməti tərəfindən Avropa İttifaqında ciddi şəkildə tələb olunmalıdır," - deyə Vagenknecht sosial şəbəkə platforması X-də paylaşım edib.
Onun fikrincə, yeni ticarət razılaşması ticarət sazişi deyil, "iqtisadi fəlakətdir" və Almaniya hökuməti bu razılaşmanı qəbul etməməlidir. Vagenknecht Berlinin digər Aİ ölkələri ilə birlikdə gömrük razılaşmasının ləğvini və danışıqların yenidən başlanmasını tələb etməli olduğunu bildirib.
Siyasətçi eyni zamanda Rusiyadan qaz və neft tədarükünün bərpasına çağırıb: "Bu, iqtisadi ziyanın qarşısını almağın yeganə yoludur," - deyə o vurğulayıb.
Vagenknecht qeyd edib ki, "heç bir Avropa Komissiyası sədri Almaniyaya fon der Leyen qədər zərər verməyib. O, alman vergi ödəyicilərinin ciblərinə indiyədək heç kim qədər göz dikib."
Xatırladaq ki, iyulun 27-də ABŞ Prezidenti Donald Tramp Ursula fon der Leyenlə görüşdən sonra açıqlama verərək bildirib ki, ABŞ və Avropa İttifaqı arasında razılaşmaya əsasən, Avropadan ABŞ-a idxal edilən bütün mallara 15% tarif tətbiq olunacaq, lakin Aİ ABŞ mallarına heç bir gömrük rüsumu tətbiq etməyəcək. Bu razılaşma Tramp tərəfindən "tarixdəki ən böyük razılaşmalardan biri" adlandırılıb. Halbuki bundan əvvəl ABŞ administrasiyası Aİ mallarının bütün ixracına 30% rüsum tətbiq etməyi planlaşdırırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31