Mahmud Abbas: Fələstinin tanınması ədalətli sülhə doğru tarixi addımdır - ÖZƏL

Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas Fələstin Dövlətinin tanınması ilə bağlı mövqe bildirən ölkələrə təşəkkür edib. Olaylar.az xəbər verir ki, o, bu qərarı Yaxın Şərqdə ədalətli və hərtərəfli sülhə doğru atılan tarixi addım adlandırıb.
"Prezident dost ölkələrin beynəlxalq hüquqa əsaslanan sülh və iki dövlət prinsipinə sadiq qalaraq göstərdikləri cəsarətli mövqeləri yüksək qiymətləndirir", - deyə Abbasın administrasiyası tərəfindən yayılan açıqlamada bildirilir. Açıqlamada vurğulanır ki, bu ölkələrin Fələstin Dövlətini tanıması və ya tanımağa hazır olduqlarını bildirməsi, İsrail işğalına son qoyulması istiqamətində beynəlxalq səyləri gücləndirir.
Mahmud Abbas bu mövqeyə görə təşəkkürünü bildirərək, digər ölkələri də bu prosesə qoşulmağa və "iki dövlət - iki xalq" prinsipinə əsaslanan siyasi həllə töhfə verməyə çağırıb.
Xatırladaq ki, Nyu-Yorkda keçirilən konfransda 15 ölkənin xarici işlər naziri Fələstinin tanınması məsələsinin gündəmə gətirilməsini dəstəkləyib. Avstraliya, Andorra, İrlandiya, İslandiya, İspaniya, Kanada, Lüksemburq, Malta, Yeni Zelandiya, Norveç, Portuqaliya, San-Marino, Sloveniya, Finlandiya və Fransa bu təşəbbüsə dəstək verən ölkələr sırasındadır. Onlardan bəziləri artıq rəsmi olaraq Fələstin Dövlətini tanıyıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31