Moldova Prezidenti Telegram-ı milli təhlükəsizlik üçün təhdid adlandırdı – ÖZƏL

Olaylar.az xəbər verir ki, Moldova Prezidenti Maya Sandu Telegram platformasının hökumətin müraciətlərinə cavab vermədiyini və ölkənin milli təhlükəsizliyi üçün təhdid yaratdığını bildirib.

"Məxfi Telegram qrupları vasitəsilə etiraz aksiyalarına insan toplamaq, aksiyalara qatılmaq üçün ödəniş və seçicilərin pulla ələ alınması ilə bağlı məlumatlar yayılır. Bu hallar ötən ilki seçkilər zamanı müşahidə olunub və indi də davam edir. Təəssüf ki, Telegram platforması ilə heç bir əlaqə qurmaq mümkün deyil - dövlət qurumlarının saxta məlumatlar və korrupsiya halları ilə bağlı göndərdiyi müraciətlərə cavab verilmir," - deyə Sandu Ali Təhlükəsizlik Şurasının iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, iclasda parlament seçkilərinə müdaxilə cəhdləri müzakirə olunub.

Sandu jurnalistin Telegram-a girişin məhdudlaşdırılması ehtimalı ilə bağlı sualını cavabsız qoyub. O bildirib ki, TikTok, Facebook və Instagram kimi platformalar da dezinformasiyanın yayılması baxımından təhlükə yaradır. "Bu üç platforma ilə müəyyən əlaqə var və ümid edirik ki, bu münasibətlər əməkdaşlıq səviyyəsinə çatacaq," - deyə prezident əlavə edib.

Qeyd edək ki, Moldovada parlament seçkiləri 28 sentyabrda keçiriləcək. İctimai rəy sorğularına görə, hakim "Hərəkat və Həmrəylik Partiyası" parlamentdə çoxluğu qoruya bilməyəcək və gələcək hökumətin koalisiya formatında formalaşacağı gözlənilir. Hakim partiyanın əsas rəqibləri Sosialistlər Partiyası ətrafında birləşən blok və Avropayönlü siyasəti dəstəkləyən Alternativ siyasi alyansıdır. Qeyd edək ki, müxalifətdə olan "Qələbə/Pobeda" bloku seçkilərə buraxılmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31