Avropa İttifaqı ölkələrindən rekord hərbi kredit tələbi – 127 milyard avro - ÖZƏL
30 İyul 15:02 DünyaAvropa İttifaqının (Aİ) yeni hərbi iqtisadiyyata keçid proqramı - SAFE çərçivəsində üzv dövlətlərdən böyük maraq qeydə alınıb. Olaylar.az xəbər verir ki, Aİ-nin müdafiə üzrə komissarı Andryus Kubilyusun sözlərinə görə, proqramın ilk günü 18 üzv ölkə ümumilikdə 127 milyard avro dəyərində məqsədli hərbi kredit üçün müraciət edib.
"SAFE proqramının ilk günlərində Aİ-nin 18 dövləti ən azı 127 milyard avro həcmində hərbi kredit üçün müraciət göndərib", - deyə Kubilyus bildirib. Onun sözlərinə görə, bu proqram üzrə kredit müraciətləri 30 iyul - 30 noyabr tarixləri arasında qəbul olunur. Müraciətlər dəyərləndirildikdən sonra Avropa Komissiyası həmin vəsaiti ümumilikdə Aİ adından kommersiya bazarından cəlb edəcək. Hazırda Aİ ən yüksək kredit reytinqinə malikdir.
Müraciət edən ölkələr arasında Fransa, Belçika, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Kipr, Macarıstan, Polşa, Rumıniya, Bolqarıstan, Çexiya, Slovakiya, Xorvatiya, Finlandiya, Latviya, Litva və Estoniya var.
Bu proqram vasitəsilə Aİ ölkələri yalnız silah, hərbi texnika və sursat deyil, həmçinin ikili təyinatlı infrastrukturun qurulması, kiber təhlükəsizlik sistemlərinin yaradılması və strateji malların tədarük zəncirlərinin formalaşdırılması üçün də maliyyə əldə edə biləcək. Layihələrin əsas məqsədi isə Avropa İttifaqının Rusiyaya qarşı hərbi potensialını artırmaqdır.