Kanada İsrailə silah ixracını dayandırdığını bildirsə də, tədarüklər davam edir - ÖZƏL
30 İyul 14:28 DünyaKanada hökuməti tərəfindən rəsmi şəkildə tətbiq olunan silah ixracı qadağasına baxmayaraq, ölkədən İsrailə silah tədarükləri hələ də davam edir. Olaylar.az xəbər verir ki, bu barədə "The Globe and Mail" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Kanadanın sülh və müharibəyə qarşı fəaliyyət göstərən "World Beyond War" adlı hüquq-müdafiə təşkilatının nümayəndəsi Reyçel Smoll İsrailin vergi orqanlarına istinad edərək bildirib ki, Kanada hələ də bu ölkəyə atıcı silahlar və güllələr ixrac edir. Qeyd edək ki, sözügedən təşkilat əsasən fələstinlilərə yardım göstərilməsi ilə məşğuldur.
Xatırladaq ki, 2024-cü ilin may ayında, o vaxtlar Kanada müdafiə naziri vəzifəsini icra edən Uilyam Bleyer bəyan etmişdi ki, 2024-cü ilin yanvarından etibarən İsrailə silah ixracı tamamilə dayandırılıb. Onun sözlərinə görə, bu məsələyə nəzarət Xarici İşlər Nazirliyinə aiddir və həmin qurum İsrailə əlavə silah ixracı üçün icazələrin verilməyəcəyini açıq şəkildə bildirib.
Eyni zamanda, Kanadanın xarici işlər naziri Melani Joli isə daha əvvəl qeyd etmişdi ki, 7 oktyabr 2023-cü ildən etibarən Ottava İsrailə ölümcül silah növlərinin ixracı üçün icazə verməyi dayandırıb və 2024-cü ilin yanvarından etibarən bu qadağa ölümcül olmayan silahlara da şamil olunub.
Qeyd edək ki, eyni gündə CBC telekanalı Kanadanın Fələstin dövlətçiliyini tanımaq məsələsini araşdırmağa başladığını da xəbər vermişdi.