Netanyahu: “Starmer HƏMAS terrorizmini təşviq edir” – ÖZƏL

İsrailin Baş naziri Benyamin Netanyahu Böyük Britaniyanın Baş naziri Kir Starmeri radikal HƏMAS hərəkatının "dəhşətli terrorizmini təşviq etməkdə" ittiham edib. 

Olaylar.az xəbər verir ki, bu bəyanat Londonda Fələstin dövlətinin tanınması ilə bağlı planların açıqlanmasından sonra səsləndirilib.

"Starmer HƏMAS-ın dəhşətli terrorizmini təşviq edir və onun qurbanlarını cəzalandırır," - deyə Netanyahu sosial şəbəkə platforması X-də yazıb. O əlavə edib: "Bu gün İsrailin sərhədindəki cihadist dövlət sabah Britaniyaya təhdid yaradacaq. Amma bu baş verməyəcək."

Bundan əvvəl İsrailin Xarici İşlər Nazirliyi də Starmerin açıqlamasını rədd edərək, onu "HƏMAS üçün mükafat" adlandırmışdı. Nazirliyin bəyanatında bildirilir ki, Londondan səslənən bu cür planlar Qəzzada atəşkəs əldə olunması və girovların azad edilməsi üzrə səylərə zərər vurur.

Qeyd edək ki, iyulun 29-da Kir Starmerin ofisi bəyanat yayaraq, İsrail Qəzzaya humanitar yardımın çatdırılmasına mane olmağa və orada hərbi əməliyyatları davam etdirməyə davam edərsə, BMT Baş Assambleyasının sentyabr sessiyası ərəfəsində Böyük Britaniyanın Fələstin dövlətini tanıyacağını açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31