15 ölkənin XİN rəhbərləri Fələstin dövlətinin tanınması prosesinə dəstək verdilər - ÖZƏL
30 İyul 11:30 DünyaAvstraliya, Andorra, İrlandiya, İslandiya, İspaniya, Kanada, Lüksemburq, Malta, Yeni Zelandiya, Norveç, Portuqaliya, San-Marino, Sloveniya, Finlandiya və Fransa xarici işlər nazirləri Fələstin dövlətinin tanınması məsələsini müsbət qiymətləndirərək bu istiqamətdə birgə bəyanat yayıblar. Olaylar.az xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bəyanatda qeyd olunur: "Biz, yuxarıda adları çəkilən ölkələrin xarici işlər nazirləri olaraq, Fələstin Dövlətinin tanınması məsələsini iki dövlət prinsipi əsasında nizamlama yolunda mühüm addım kimi görür və bu addımı atmağa hazır olduğumuzu, yaxud bu qərarı müsbət qiymətləndirdiyimizi bildiririk. Həmçinin bu çağırışa hələ qoşulmayan digər dövlətləri də təşəbbüsə dəstək verməyə dəvət edirik."
Nazirlər eyni zamanda bütün ölkələri İsraillə normal diplomatik münasibətlər qurmağa və İsrailin regional inteqrasiyası ilə bağlı dialoqa başlamağa çağırıblar. Onlar Qəzza zolağında "sabahın arxitekturası" üzərində işləməyə, bu ərazinin yenidən qurulmasına, HƏMAS hərəkatının silahsızlaşdırılmasına və Fələstin idarəçiliyindən kənarlaşdırılmasına hazır olduqlarını bildiriblər.
Bildirilib ki, Fələstin dövlətinin tanınması məsələsi BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində, 2025-ci ilin sentyabrında müzakirəyə çıxarılacaq.