Sakit Okeanda sunami xəbərdarlığı: insanlar təxliyə edilir

Sakit Okeanda baş verən güclü zəlzələsəbəbindən Havay adalarının sakinləri üçün sunami xəbərdarlığı qüvvədədir.

Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Tramp Alyaska və ABŞ-ın Sakit okean sahilləri üçün də sunami xəbərdarlığının qüvvədə olduğunu qeyd edib, bununla yanaşı, Yaponiyanın da təhlükə altında olduğunu vurğulayıb.

ABŞ Sunami Xəbərdarlıq Mərkəzi isə xəbərdarlıq edib ki, Sakit Okeanda baş verən güclü zəlzələ səbəbindən hündürlüyü 3 metrdən yuxarı olan sunami dalğaları hətta Cənubi Amerikaya, Ekvador və Çili sahillərinə çata bilər.

Qeyd olunur ki, Yaponiya və Havayda səlahiyyətli qurumlar insanların sahilyanı bölgələrdən yüksəklikdə yerləşən ərazilərə təcili təxliyə edilməsinin vacibliyini elan edib.

Xüsusilə, 2011-ci ilin martında baş vermiş dağıdıcı sunami zamanı ciddi zədələnmiş Yaponiyanın "Fukusima" Atom Elektrik Stansiyasının şəxsi heyəti təxliyə edilib.

Qeyd edək ki, Rusiyanın Kamçatka sahillərində güclü 8,7 maqnitudalı zəlzələ baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31