“Paşinyanın Kilsəyə qarşı mübarizəsi milli dəyərlərə zərbədir” – ÖZƏL
29 İyul 13:59 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın ictimai-siyasi fəallarından biri, keçmiş müxalifətçi David Sanasaryan yenidən gündəmə gəlib. O, Ermənistan Apostol Kilsəsi və ölkə baş nazirinə müraciət edərək "ölkədəki daxili gərginliyin aradan qaldırılması və konstruktiv dialoqun qurulması" mövzusunda görüş təşəbbüsü ilə çıxış edib. Sanasaryan vurğulayıb ki, bu, siyasi yox, milli məsuliyyət daşıyan, sivil dialoq üçün unikal bir fürsətdir.
Lakin təşəbbüs ictimai rəydə birmənalı qarşılanmayıb. Keçmiş yaxın dostlarından biri olan və hazırda ona tənqidi yanaşan müəllif yazır ki, Sanasaryanın bu çağırışı, təəssüf ki, mövcud reallıqda əhəmiyyətini itirir. Müəllif qeyd edir ki, mövcud hakimiyyətin Kilsəyə qarşı apardığı mübarizə sistematik xarakter daşıyır və hakimiyyətin məqsədi Ermənistan Apostol Kilsəsini zəiflətmək, onu cəmiyyətin aparıcı dayağından məhrum etməkdir.
Yazıda o da bildirilir ki, əgər baş nazir doğrudan da gərginliyi azaltmaq istəsəydi, bunun üçün nə vasitəçiyə, nə də yeni təşəbbüslərə ehtiyac olardı - sadəcə olaraq sosial şəbəkələrdə Kilsəyə qarşı təhqiredici kampaniyalar dayandırılmalı və siyasi motivli həbslərə son qoyulmalı idi.
Müəllif əlavə edir ki, əgər David Sanasaryan öz təşəbbüsünü Kilsənin müdafiəsinə yönəltsəydi, bu, daha faydalı və dürüst addım olardı. Çünki hazırkı durum - Ermənistanın milli kimliyinin əsas dayaqlarından birinin sistemli şəkildə zəiflədilməsi və kənar təsirlərə - xüsusilə türk və Azərbaycan maraqlarına uyğun siyasətin tətbiqidir.
Məqalədə ABŞ-də erməni lobbisinin zəiflədilməsi və Ermənistanın bu mövzuda Kilsədən uzaq duraraq başqa xarici şirkətlərlə əməkdaşlığa üstünlük verməsi də bu strategiyanın bir hissəsi kimi göstərilir. Bu proseslər isə Ermənistanın milli maraqları və mənəvi dəyərləri üçün ciddi təhlükə kimi dəyərləndirilir.