Aİ Ukraynaya maliyyə yardımını dayandırıb – səbəb korrupsiya qurumlarının müstəqilliyidir – ÖZƏL
13:34 DünyaAvropa İttifaqı iyulun 24-də Ukraynaya bütün maliyyə yardımını müvəqqəti dayandırdığını bildirib.
Olaylar.az xəbər verir ki, Ekonomicheskaya Pravda qəzetinin hökumət, parlament və diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, bu qərar Ukraynanın antikorrupsiya qurumlarının müstəqilliyi ilə bağlı narahatlıqlardan sonra verilib.
Yardımın dayandırılması əsasən dondurulmuş Rusiya aktivləri hesabına maliyyələşdirilən 17,2 milyard avroluq ERA (Ukrayna üçün Fövqəladə Gəlir Sürətləndirilməsi) və 12,5 milyard avroluq "Ukraine Facility" proqramlarına təsir edir.
Ukrayna parlamenti iyulun 31-də Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusiləşdirilmiş Antikorrupsiya Prokurorluğunun (SAPO) müstəqilliyini təmin etməyə yönəlmiş yeni qanun layihəsini müzakirə edəcək. Qanunun qəbul olunacağı təqdirdə, Aİ yardımlarının bərpa olunacağı gözlənilir.
Prezident Zelenski daha əvvəl bu qurumların müstəqilliyini məhdudlaşdıran qanunu imzalamış, bu isə həm ölkədə, həm də Qərbdə ciddi tənqidlərə səbəb olmuşdu. İyulun 24-də isə o, əvvəlki qərarı dəyişən yeni qanun layihəsini parlamentə təqdim edib. Lakin layihəyə əsasən, növbəti altı ay ərzində bu qurumların əməkdaşları Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən yoxlanacaq.