Avropa Komissiyası İsrailin “Horizon Europe” proqramında iştirakını məhdudlaşdıra bilər – ÖZƏL

Avropa Komissiyası İsrailin "Horizon Europe" adlı elmi-tədqiqat proqramında iştirakını qismən məhdudlaşdırmağı planlaşdırır. 

Olaylar.az xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb və mənbələrə istinadən bildirib ki, məhdudiyyətlər xüsusilə startaplar və kiçik-orta biznesləri dəstəkləyən EIC Accelerator proqramına daxil olan israilli təşkilatlara şamil olunacaq. Qərarın qüvvəyə minməsi üçün Avropa İttifaqı ölkələrinin ixtisaslaşmış əksəriyyətinin dəstəyi tələb olunur.

Qeyd olunur ki, bu addım Brüsselin İsrailə qarşı artan tənqidindən sonra gündəmə gəlib. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Aİ-nin xarici siyasət üzrə yeni rəhbəri Kaya Kallas, İsraili Qəzza sakinlərinə humanitar yardımın artırılmasında ciddi irəliləyiş əldə etməməkdə tənqid etmişdilər.

Xatırladaq ki, iyulun 10-da Kaya Kallas Aİ-İsrail dialoqu çərçivəsində yardımın maneəsiz çatdırılmasına yönəlik razılaşmalar əldə edildiyini açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31