"Trampın ittihamları əsassızdır" – Tehran Qəzza danışıqlarına müdaxilə etmədiyini bildirir - ÖZƏL
10:48 Dünyaİran Qəzza zolağında atəşkəsə dair aparılan danışıqlara müdaxilə etdiyinə dair ABŞ prezidenti Donald Trampın irəli sürdüyü ittihamları əsassız adlandırıb. İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai deyib ki, bu kimi açıqlamalar ABŞ-nin İsrailin hərəkətlərinə dəstək verdiyinə görə məsuliyyətdən yayınmaq cəhdidir.
"İslam Respublikasının danışıqlara müdaxilə etməsi ilə bağlı hər hansı iddialar tamamilə əsassızdır və ABŞ-nin sionist rejimin fələstinli xalqına qarşı törətdiyi cinayətlərdə - 60 min günahsız insanın, o cümlədən qadın və uşaqların qətlə yetirilməsi, son aylarda Qəzzaya blokadanın gücləndirilməsi, humanitar yardımın qarşısının alınması, aclıq və susuzluqdan əziyyət çəkən insanların ABŞ şirkəti tərəfindən yaradılmış "yardım bölgüsü mərkəzləri" adlı ölüm tələlərində qətlə yetirilməsi kimi vəhşiliklərdə - iştirakına görə məsuliyyətdən qaçmaq cəhdidir", - deyə Bəqai IRNA agentliyinə bildirib.
Diplomat əlavə edib ki, İran əksər dünya ölkələri kimi Qəzzada baş verən soyqırımı kəskin şəkildə pisləyir və döyüşlərin dayandırılması, fələstinlilərin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsləri dəstəkləyir.
Qeyd edək ki, 28 iyulda Donald Tramp İranın nüvə potensialını bərpa etmək niyyətində olduğunu düşündüyü təqdirdə, bu ölkənin nüvə obyektlərinə yenidən zərbə endirə biləcəyini bəyan edib. O, eyni zamanda İranı Qəzzada atəşkəsə dair HƏMAS və İsrail arasında aparılan danışıqlara müdaxilə etməyə cəhd göstərməkdə ittiham edib.
Xatırladaq ki, 27 iyulda HƏMAS lideri Xalil əl-Hayya İsrail blokadası davam etdiyi müddətcə danışıqların mənasız olduğunu bildirib. Bunun ardınca İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza ilə bağlı 6 iyuldan Dohada aparılan danışıqlarda iştirak edən nümayəndə heyətinin geri çağırılması barədə göstəriş verib. ABŞ-nin xüsusi elçisi Stiven Uitkoff isə sosial şəbəkədə yazıb ki, Vaşinqton da HƏMAS-ın son cavabından sonra öz nümayəndə heyətini Dohadan geri çağırıb, çünki bu cavab atəşkəs istəklərinin olmadığını göstərir.