Gümrü meri baş nazirliyə namizəd ola biləcəyini istisna etmir – ÖZƏL

Gümrü meri Vardan Qukasyan bildirib ki, əgər Ermənistanda baş nazir postuna uyğun namizəd olmazsa və xalq ona etimad göstərərək ölkəni idarə etməsini tələb edərsə, bu məsuliyyəti öz üzərinə götürməyə hazırdır.

Olaylar.az xəbər verir ki, bu fikirləri o, 28 iyulda vəzifəyə başlamasının 100 günü münasibətilə keçirilən mətbuat konfransında deyib:
"Əgər dediklərimi etməsəm, yüksək səslə bəyan edirəm: mənim hər iki əlimi kəsin. Əgər bu ölkəni tez bir zamanda ayağa qaldırmasam, deməli, atamın oğlu deyiləm".

Qukasyan qeyd edib ki, baş nazir postuna elə bir şəxsin gəlməsini arzulayır ki, ölkəni on ailənin əlindən xilas edə bilsin. Əgər belə bir namizəd ortaya çıxarsa, onu mütləq dəstəkləyəcəyini bildirib. Onun sözlərinə görə, hazırda Ermənistanın bütün sərvətləri və resursları bir neçə ailənin əlində cəmlənib və bu ailələr dövlətdən daha varlıdır.

"Xalq bir tərəfdədir, bu ailələr isə o biri tərəfdə. Ermənistandan çıxış yolu yalnız bu prinsipləri həyata keçirəcək insanlardır. Mən xalqı çağırıram ki, elə şəxsləri seçsinlər ki, 'Ermənistan və onun xalqı bizim üçün bu on ailədən daha dəyərlidir' desinlər. Bütün resurslar dövlət mülkiyyətinə keçməlidir, necə ki, bu, Çində baş verir", - deyə mer vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31