ABŞ-də Çinə qarşı üç yeni qanun layihəsi hazırlanır - ÖZƏL
15:43 DünyaABŞ Konqresində Demokrat və Respublikaçılardan olan senatorlar bu həftə Çin Xalq Respublikasına qarşı təzyiqləri artırmaq məqsədilə üç qanun layihəsi təqdim edəcəklər. Olaylar.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Oregon ştatından demokrat senator Ceff Merkli bildirib:
"Birləşmiş Ştatlar Çin Xalq Respublikasının dünya üzrə göstərdiyi aqressiya qarşısında zəiflik nümayiş etdirməyə yol verə bilməz".
Qanun layihələrindən biri, uyğurların zorla repatriasiyasında əli olduğu iddia edilən Çin rəsmilərinin - həm hazırkı, həm də keçmiş - ABŞ-ə daxil olmasına qadağa qoyulmasını nəzərdə tutur.
İkinci layihədə isə Tayvanla rəsmi diplomatik münasibətləri qoruyub saxlayan Latın Amerikası və Karib hövzəsi ölkələrinə dəstək göstərilməsi təklif edilir. Eyni zamanda bu layihə ABŞ-nin Taybeylə koordinasiyasının dərinləşdirilməsinə xidmət edir.
Üçüncü qanun layihəsi isə "transmilli repressiyalarla mübarizə" məqsədi daşıyır.
Agentlik əlavə edir ki, ABŞ və Çin gələn həftənin əvvəlində Stokholmda ticarət sahəsində mövcud razılaşmaların uzadılması məsələsini müzakirə edəcəklər. Reuters yazır ki, ABŞ Prezidenti Donald Trampın diqqəti əsasən ticarətə yönəltməsi, Konqresdəki "şahin" siyasətçilər arasında narahatlıq doğurub. Onlar təhlükəsizlik məsələlərinin ikinci plana keçəcəyindən ehtiyat edirlər.