ABŞ Qəzza münaqişəsinin dayandırılması üçün yeni razılaşma təklif edə bilər - ÖZƏL
15:17 DünyaABŞ administrasiyası yaxın günlərdə İsrail və HƏMAS-a Qəzza münaqişəsinin dayandırılması ilə bağlı yeni razılaşma təklif edə bilər. Olaylar.az xəbər verir ki, bu barədə The Jerusalem Post qəzeti ABŞ prezidenti Donald Trampın administrasiyasından olan mənbəyə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, bir neçə yüksək vəzifəli şəxs artıq bütün girovların azad olunmasını və hərbi əməliyyatların tam dayandırılmasını nəzərdə tutan hərtərəfli sazişin vaxtının çatdığını düşünür. Bununla belə, Vaşinqtonun həm İsrailin, həm də HƏMAS-ın razılığını almaqda ciddi çətinliklərlə üzləşəcəyi etiraf olunur.
Qəzetin məlumatında bildirilir ki, İsrail rəhbərliyi HƏMAS-a müqaviləyə razı qalması üçün ultimatum verilməsi ehtimalını da nəzərdən keçirir.
Qeyd edək ki, 27 iyulda HƏMAS-ın Qəzzadakı lideri Xalil əl-Hayya blokada davam etdiyi müddətcə İsraillə danışıqların mənasız olduğunu bildirmişdi. Bundan az öncə İsrailin Baş naziri Benyamin Netanyahunun göstərişi ilə 6 iyuldan bəri Qətərin paytaxtı Dohada davam edən danışıqlarda iştirak edən israilli nümayəndə heyəti geri çağırılmışdı. ABŞ-nin xüsusi nümayəndəsi Stiven Uitkoff isə sosial şəbəkə X-də HƏMAS-ın son cavabının atəşkəsdə maraqlı olmadığını açıq göstərdiyini və bu səbəbdən Vaşinqtonun da öz nümayəndələrini Dohadan geri çağırdığını yazmışdı.
Xatırladaq ki, mayın 8-də İsrail ordusu Qəzzanın şimal və cənub bölgələrində genişmiqyaslı quru əməliyyatına - "Gideonun Arabaları"na başladığını elan etmişdi. Əməliyyatın əsas məqsədi HƏMAS-ın tam məhv edilməsi və Qəzzada saxlanılan israilli girovların azad olunmasıdır. Baş nazir Netanyahu sektorun bütün ərazisinin İsrailin nəzarətinə keçəcəyini də bəyan etmişdi.