Aİ İsraillə Assosiasiya Sazişini qismən dayandıra bilər – ÖZƏL
28 İyul 12:35 DünyaAvropa Komissiyası (AK) Qəzza zolağında humanitar vəziyyətin pisləşməsi fonunda İsraillə imzalanmış Assosiasiya Sazişinin qismən dayandırılmasını nəzərdən keçirir. Olaylar.az xəbər verir ki, bu barədə İspaniyanın "El País" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Brüsseldə yəhudi dövlətinin "Horizon Europe" adlı elmi-tədqiqat proqramında iştirakının dayandırılması təklif olunur. Bu tədbir Avropa İttifaqının yeni xarici siyasət rəhbəri Kaya Kallasın iyul ayında keçirilmiş son toplantıda Aİ-nin xarici işlər nazirlərinə təqdim etdiyi 10 variantdan biridir. Qəzet qeyd edir ki, İsrail mövzusu daim fikir ayrılıqlarına səbəb olsa da, hazırda Avropada bu məsələyə münasibət daha sərtləşib.
"El País" yazır ki, elmi proqram çərçivəsində əməkdaşlığın dayandırılması təqdim edilən variantlar arasında ən yumşaq tədbirlərdən biri sayılır. Eyni zamanda, Avropa İttifaqı daxilində İsrailə münasibətdə parçalanmalar təkcə üzv ölkələr arasında deyil, Avropa Komissiyasının öz daxilində də mövcuddur.
Xatırladaq ki, 2025-ci il martın 2-dən etibarən Qəzza zolağına beynəlxalq humanitar təşkilatların və BMT strukturlarının yardımı demək olar ki, tamamilə dayandırılıb. May ayında İsrail ABŞ-nin dəstəyi ilə köhnə yardım sisteminə alternativ olaraq yeni yardım mexanizmi yaradıb. Bu sistem Qəzza Humanitar Yardım Fonduna (GHF) yardım mərkəzləri qurmaq və ərzaq, gündəlik tələbat mallarını paylamaq üçün faktiki inhisar hüquqları verir.
Bu plana beynəlxalq təşkilatlar kəskin reaksiya veriblər. Tənqidin əsas məqamı isə yardım mərkəzlərinin döyüşlərdən uzaq olan "təhlükəsiz zonalarda" - Qəzzanın cənubunda yerləşdirilməsidir. Ekspertlərə görə, bu, bölgə əhalisinin məcburi köçürülməsinə gətirib çıxara bilər. Daha sonra BMT vasitəsilə yardımın çatdırılması qismən bərpa olunsa da, bu proses çox məhdud miqyasda aparılır.