Ekspert: İsrailin qərarı Qərb sahilində fəlakətə səbəb ola bilər – ÖZƏL

İsrail parlamentinin (Knesset) İordan çayının qərb sahilinə ölkə suverenliyinin tətbiqini nəzərdə tutan bəyannaməni qəbul etməsi Fələstin ərazilərində humanitar vəziyyəti daha da pisləşdirə bilər. 

Olaylar.az xəbər verir ki, bu barədə Cenevrə Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (GIPRI) katibi və SWISS UMEF Tətbiqi Elmlər Universitetinin müəllimi Hişem Lehmici TASS-a bildirib.

Onun sözlərinə görə, bu addım beynəlxalq ictimaiyyətin bir daha "Qəzzada həyata keçirilən məhv və təmizləmə siyasətinə bənzər bir siyasətin İordan çayının qərb sahilində də tətbiq olunacağı" reallığı ilə üzləşəcəyini göstərir. Lehmici qeyd edib: "Qəzzadakı humanitar fəlakətin qərb sahilinə də yayılacağını gözləməliyik."

Ekspert hesab edir ki, bu bəyannamə regionda müxtəlif növ radikalizmi qızışdıracaq və bir sıra siyasi təşkilatları İsrailin ekspansionizminə qarşı cəbhə yaratmaq üçün səfərbər edəcək.

Bununla yanaşı, Lehmici vurğulayıb ki, bu qərar sadəcə "İordan çayının qərb sahilində onilliklərdir davam edən mərhələli torpaq zəbtinin sənədləşdirilməsidir."

Qeyd edək ki, iyulun 23-də İsrailin Knesseti hökuməti ölkə suverenliyini İordan çayının qərb sahilinə tətbiq etməyə çağıran deklarativ xarakterli sənədi qəbul edib. Bu addım Bəhreyn, Misir, İndoneziya, İordaniya, Nigeriya, Fələstin, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla on müsəlman və ərəb ölkəsi tərəfindən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq hüquqa açıq-aşkar zidd bir hərəkət kimi qınanıb. Rusiya Xarici İşlər Nazirliyi də sənədin qəbulunu mənfi qiymətləndirib və onun icra olunmayacağına ümid etdiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31