Samvel Karapetyan: Hakimiyyət xalqın iradəsini qıra bilmədi – ÖZƏL
11:17 DünyaOlaylar.az xəbər verir ki, "Taşir" şirkətlər qrupunun sahibi Samvel Karapetyan açıqlamasında bildirib ki, hazırkı hakimiyyət Ermənistan xalqının iradəsini və gəncliyin əzmini qıra bilməyib. Onun sözlərinə görə, müharibələrdən, təqiblərdən, çətinliklərdən və qeyri-müəyyənlikdən keçmiş gənclər güclü və istedadlı qalaraq Ermənistanın gələcəyi haqqında düşünür və onunla yaşayırlar.
Karapetyan həmçinin deyib: "Onlar nə söz azadlığını, nə də jurnalistləri sustura bildilər. İnformasiya terroru, yalan və manipulyasiya zənciri qırılır. Bu, öz işini fədakarlıqla yerinə yetirən əsl jurnalistlər sayəsində baş verir və cəmiyyət reallığı öyrənməyə başlayır."
O, Bakıda həbsdə olan erməni əsilli şəxslərə də toxunaraq bildirib ki, "onlar onilliklərdir qəhrəmanlıqla mübarizə aparıblar və bu gün ölüm astanasında olsalar da, öz ləyaqətlərini uca tuturlar və həmişə tutacaqlar."
Samvel Karapetyan Ermənistan Apostol Kilsəsinə qarşı təzyiqlərin də xalqı birləşdirdiyini vurğulayıb: "Din xadimlərinə qarşı təzyiqlər artdıqca, daha çox erməni onlardan xeyir-dua istəyir. Kilsəmizə edilən hücumlar xalqımızı Ana Taxt-Əçmiədzin ətrafında daha da birləşdirir."
O, çıxışının sonunda yeni yaradılan siyasi qüvvənin milli dəyərlərə, xalq iradəsinə və xüsusilə gəncliyə əsaslanacağını qeyd edib: "Biz tariximizin yeni, çoxdan gözlənilən və arzulanan səhifəsini açacağıq - öz yolumuzla."