Türkiyədə meşə yanğınları səbəbindən 3500-dən çox insan təxliyə olunub

Türkiyədə bir neçə həftədir davam edən meşə yanğınları bazar günü ölkənin dördüncü böyük şəhəri olan Bursanı təhdid edib və 3500-dən çox insanın evlərini tərk etməsinə səbəb olub.

Bu barədə məlumatı yerli KİV-lər yayıb.

Türkiyənin şimal-qərbində, Bursanı əhatə edən meşəlik dağlarda gecə saatlarında baş verən yanğınlar güclü küləklərin təsiri ilə sürətlə yayılıb.

Meşə naziri İbrahim Yumaklı jurnalistlərə açıqlamasında bildirib ki, Bursanın şimal-şərqində yerləşən kəndlərdən 3515 nəfər təhlükəsiz şəkildə təxliyə olunub.

Bundan əvvəl Yakuplar (300 nəfər) və Çakmak (200 nəfər) kəndləri tam şəkildə təxliyə edilmişdi. Bu gün isə daha dörd yaşayış məntəqəsi - Çatalsöğüt, Çamoğlu, Ilıcaksu və Dutluca kəndlərinin də boşaldılmasına qərar verilib.

Bursa meri Mustafa Bozbəy bildirib ki, bir yanğınsöndürən xidməti vəzifəsini yerinə yetirərkən ürək tutmasından dünyasını dəyişib. O əlavə edib ki, alov şəhərin ətrafında təxminən 3000 hektar ərazini əhatə edib.

Yanğınla mübarizə tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31