Məşhur azərbaycanlı oliqarxın oğlunun şirkətinə Rusiya xüsusi təyinatlıları basqın etdi – sənədlər müsadirə olundu

Bu gün səhər saatlarında Rusiya hüquq-mühafizə orqanları tanınmış neft treyderi İskəndər Xəlilovun oğlu Rəhman Xəlilova məxsus "Railgo" şirkətinin Moskva ofisində axtarış aparıb.

Olaylar.az xəbər verir ki, axtarış zamanı xüsusi təyinatlılar və istintaqçılar ofisə daxil olaraq sənədləri müsadirə edib və əməkdaşların binanı tərk etməsinə icazə verməyiblər. Məlumatı məşhur "Mash" teleqram kanalı yayıb.

"Railgo" şirkəti neft məhsullarının daşınması ilə məşğuldur və əsas fəaliyyət istiqaməti Qara dəniz üzərindən - o cümlədən Azərbaycandan olan məhsulların tranzitidir. Şirkətin sahibi, Azərbaycanın tanınmış iş adamı Rəhman Xəlilov həm də Rusiyada biznes fəaliyyətini davam etdirir.

Qeyd edək ki, Rəhman Xəlilov təkcə iş adamı deyil, həm də mədəniyyət və idman sahəsində tanınan şəxsdir. O, 2014-cü ildə Soçidə keçirilən Qış Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan nümayəndə heyətinin bayraqdarı olmuş, 2013-2015-ci illərdə isə Azərbaycan Qış İdman Növləri Federasiyasına rəhbərlik etmişdi. Rəhman Xəlilov məşhur azərbaycanlı oliqarx İskəndər Xəlilovun oğludur.

Hadisənin detalları və axtarışların səbəbi barədə hələlik rəsmi açıqlama verilməyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31