Bu ölkədə qadın öldürənlər ömürlük həbs olunacaq
25 İyul 16:52 Dünyaİtaliyanın Baş naziri Giorgia Meloni hökumətinin hazırladığı və qadın cinayətlərinə görə ömürlük həbs cəzası nəzərdə tutan qanun layihəsi parlamentin yuxarı palatası olan Senatda yekdilliklə qəbul edilib.
Olaylar.az moden.az-a istinadən xəbər verir ki, öncəki gün keçirilən səsvermədə 200 nəfərlik Senatda layihənin lehinə 161 səs verilib, əleyhinə səs verən isə olmayıb.
Qanun layihəsi parlamentin aşağı palatası olan Deputatlar Palatası tərəfindən də təsdiqlənəcəyi təqdirdə qüvvəyə minəcək. Hökumətin təqdim etdiyi layihəyə əsasən, bir qadının yalnız qadın olduğu üçün nifrət və ya ayrı-seçkilik motivi ilə, yaxud hüquq, azadlıq və ya şəxsiyyətini əzmək məqsədilə öldürülməsi halında, cinayətkar ömürlük həbs cəzası alacaq.
Layihə həmçinin qadın qətli törədərək məhkum olunmuş şəxslər üçün həbsxanadakı imtiyazlara daha sərt məhdudiyyətlər tətbiq olunmasını və gender əsaslı zorakılıqla mübarizə məqsədilə maarifləndirmə və təhsil fəaliyyətləri üzrə öhdəliklərin gücləndirilməsini nəzərdə tutur.
Qeyd edək ki, İtaliyada son dövrlərdə qadınlara qarşı zorakılıq hallarının artması və ötən il baş vermiş 113 qadın qətli ictimaiyyətdə ciddi narahatlıq yaradıb, bunun nəticəsində İtaliya hökuməti hərəkətə keçmək qərarını alıb.