İran və “Avropa üçlüyü” nüvə məsələsini müzakirə edib – ÖZƏL
25 İyul 16:07 Dünyaİran və "Avropa üçlüyü" (Böyük Britaniya, Fransa, Almaniya) cümə günü nüvə proqramı ilə bağlı danışıqlar aparıblar.
Olaylar.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazem Qaribabadi məlumat verib.
"Biz (Xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvani ilə birlikdə) Avropa üçlüyünün rəhbərləri ilə ciddi, açıq və ətraflı danışıqlar apardıq. Sanksiyaların aradan qaldırılması və nüvə məsələsi ilə bağlı son hadisələri geniş müzakirə etdik", - deyə Qaribabadi sosial şəbəkə X-də yazıb.
O bildirib ki, danışıqlar zamanı İran tərəfi İsrailin İrana qarşı son hərbi əməliyyatları ilə bağlı "Avropa üçlüyü"nün mövqeyini tənqid edib.
"Görüşə hər iki tərəf konkret təkliflərlə gəlmişdi və bu təkliflərin müxtəlif aspektləri müzakirə olundu. Eyni zamanda, bu məsələ ilə bağlı məsləhətləşmələrin davam etdirilməsi qərara alındı", - deyə iranlı diplomat əlavə edib.
Qeyd edək ki, İran və "Avropa üçlüyü" arasında son görüş yanvar ayında, ABŞ prezidenti Donald Trampın vəzifəyə başlamasından az əvvəl keçirilmişdi. Sonradan ABŞ və İran arasında Oman vasitəçiliyi ilə aparılan dolayı danışıqlar nəticə verməmiş, iyunun 13-də İsrailin İrana qarşı başladığı hərbi zərbələrdən sonra planlaşdırılan altıncı raund ləğv olunmuşdu. Həmin hücumlar zamanı İsrail ordusu İranın nüvə obyektlərinə zərbələr endirmiş, yüksək rütbəli iranlı hərbçilər və nüvə fizikləri öldürülmüşdü. Cavab olaraq Tehran Təl-Əvivə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirmişdi.