Orban: “Ukraynanın Aİ-yə üzvlüyü müharibəni Qərbə daşıyacaq” – ÖZƏL

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Ukraynaya yaxın gələcəkdə Avropa İttifaqına üzvlük verilməyəcək və bu ölkə "bufer dövlət" rolunda qalacaq. 

Olaylar.az xəbər verir ki, o, bu fikirləri Kossuth Radiosuna verdiyi müsahibəsində səsləndirib.

Orban qeyd edib ki, Aİ liderləri Kiyevi mümkün qədər tez bir zamanda bloka qəbul etməyə çalışsalar da, Budapeşt bunu qəbuledilməz sayır: "Əgər Ukraynanın üzvlüyünə razı olsaq, döyüş meydanına çevriləcəyik. Müharibə coğrafi olaraq qonşu regiona keçəcək, bu isə qəbuledilməzdir. Bir çox gənc macar həyatını itirəcək. Bu taktiki deyil, varoluşla bağlı məsələdir".

Baş nazir Ukraynanın "bufer dövlət" olduğunu vurğulayıb və bildirib ki, Macarıstan belə bir geosiyasi rolu qəbul etmək istəmir: "Biz SSRİ-nin qərb periferiyasında olduğumuz dövrü xatırlayırıq və ora qayıtmaq istəmirik".

Onun sözlərinə görə, Budapeşt Ukraynanın Aİ-yə qəbul olunması əvəzinə Kiyevlə strateji tərəfdaşlıq sazişinin imzalanmasını təklif edir - bu da Qərb ilə Rusiya arasında birbaşa hərbi qarşıdurma riskini azalda bilər.

Macarıstan hökuməti daha öncə dəfələrlə bəyan edib ki, Ukraynanın Aİ-yə üzvlüyü bloku Rusiya ilə silahlı qarşıdurmaya sürükləyə və qlobal müharibənin başlanğıcına səbəb ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31