Pakistan Hindistanla nüvə münaqişəsi riskinə görə xəbərdarlıq edib – ÖZƏL
25 Aprel 11:42 DünyaPakistanın müdafiə naziri Xavadja Asif Hindistanla münasibətlərin kəskinləşməsi fonunda iki ölkə arasında nüvə qarşıdurması riskinin artdığını bildirib.
Olaylar.az xəbər verir ki, o "Al Jazeera" telekanalına müsahibəsində beynəlxalq ictimaiyyəti vəziyyətə müdaxilə etməyə çağırıb. "Hər iki ölkənin nüvə silahı var və münaqişə nüvə qarşıdurmasına çevrilə bilər", - deyə o vurğulayıb.
Gərginliyin səbəbi 22 aprel tarixində Cammu və Kəşmirin Pahalgam şəhərində baş verən terror aktıdır. Hücum nəticəsində 25 hindistanlı və 1 Nepal vətəndaşı ölüb, çox sayda insan yaralanıb. Hindistan bu hücumda Pakistanın dəstəklədiyi "Ləşkər-e-Tayyibə" qruplaşmasını günahlandırır.
Cavab olaraq Hindistan Pakistandakı səfirliyinin işçilərinin sayını yarıya endirib, hərbi müşavirləri ölkədən çıxarıb, "Attari" sərhəd keçid məntəqəsini bağlayıb, Hind çayı üzrə su bölgüsü sazişini və Pakistan vətəndaşlarına viza verilməsini dayandırıb. Bundan əlavə, Hindistan rəsmi olaraq Hind çayının sularını Pakistana ötürən dörd su şlüzünü bağlayıb.
1960-cı ildə Dünya Bankının vasitəçiliyi ilə imzalanmış Hind çayı sazişi iki ölkə arasında su ehtiyatlarının bölgüsünü tənzimləyirdi. Pakistan isə qarşılıq olaraq Hindistanla bütün ikitərəfli razılaşmaları dayandırıb, Hindistan hərbçilərini persona non grata elan edib, hava məkanını və "Vağah" sərhəd keçid məntəqəsini bağlayıb. Ölkənin Təhlükəsizlik Şurası Hind çayının axınının dəyişdirilməsinin aqressiya aktı kimi qiymətləndiriləcəyini bəyan edib.