Trampın qərarı Harvarda milyardlarla dollar itkisi yaşadır – ÖZƏL
21 Aprel 2025 12:49 DünyaOlaylar.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Harvard Universitetinin maliyyələşdirilməsini azaltmaq qərarı Massaçusets ştatının Demokrat qubernatoru Mora Hili tərəfindən kəskin tənqid olunub. Qubernator bu addımı "tənqidçiləri susdurmaq cəhdi" kimi qiymətləndirib.
"Bu, sadəcə olaraq, biabırçılıqdır. Amma Trampın tənqidçiləri susdurmaq üçün illərdir davam etdirdiyi strategiyanın davamıdır. İndi isə o, universitetlərə qarşı hücuma keçib. Bu yolla onları bağlamağa və susdurmağa çalışır. Bu cür addımların heç bir faydası yoxdur," - deyə Hili CBS telekanalına müsahibəsində bildirib.
Qubernatorun sözlərinə görə, ali təhsil müəssisələrinin maliyyəsinin azaldılması xərçəng xəstəliyinin müalicəsi və dərmanların hazırlanması sahəsində aparılan tədqiqatlara mənfi təsir göstərəcək. O, həmçinin qeyd edib ki, bu qərar ABŞ-nin tibbi elmi tədqiqatlar sahəsində mövqeyini zəiflədə bilər.
Qeyd edək ki, Harvard Universitetinin prezidenti Alan Qarber daha öncə bəyan etmişdi ki, universitet Tramp administrasiyasının yəhudi tələbələrin antisemitizmdən qorunması ilə bağlı siyasətində dəyişiklik tələblərini qəbul etməyəcək.
15 aprel tarixində Tramp Harvard Universitetinin siyasi təşkilat kimi tanınmasını və vergidən azad statusunun ləğvini təklif edib. ABŞ Təhsil Nazirliyi Harvard üçün nəzərdə tutulmuş 2,2 milyard dollarlıq qrantların və 60 milyon dollarlıq uzunmüddətli müqavilələrin dondurulduğunu açıqlayıb. Həmçinin ABŞ administrasiyası bu nüfuzlu ali məktəblə bağlı ümumi məbləği 9 milyard dollar olan bütün qrant və müqavilələri yenidən nəzərdən keçirməyi planlaşdırır.