İran, Çin və Rusiya arasında üçtərəfli əməkdaşlıq genişlənir – Abbas İraqçi – ÖZƏL
21 Aprel 2025 11:56 DünyaOlaylar.az xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Abbas İraqçi Russia Today kanalına verdiyi müsahibədə İran, Çin və Rusiya arasında beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb. O bildirib ki, bu üç ölkə arasında nüvə məsələsi ilə bağlı artıq bir neçə görüş keçirilib və bu danışıqları davam etdirməyə hazırdırlar.
İraqçinin sözlərinə görə, əməkdaşlıq digər sahələri də əhatə edə bilər: "Koordinasiyalı addımlarla beynəlxalq sülhə və təhlükəsizliyə töhfə verə bilərik."
O, Rusiya səfəri zamanı Prezident və Xarici İşlər naziri Sergey Lavrovla görüşdüyünü, görüşlərdə Cənubi Qafqazdakı son proseslərin də ətraflı müzakirə olunduğunu qeyd edib. İran və Rusiyanın bu bölgədəki siyasətlərinin uzlaşdığını bildirən İraqçi, "3+3" formatında yeni təşəbbüsün başladıldığını da açıqlayıb. Bu təşəbbüs İran, Rusiya, Türkiyə ilə yanaşı Azərbaycan, Gürcüstan və Ermənistanı əhatə edir.
İraqçi İran-Rusiya əlaqələrinin tarixdə heç vaxt bu qədər yaxın olmadığını deyib və ölkələr arasında strateji əməkdaşlıq sazişinin mövcud olduğunu vurğulayıb.
ABŞ-İran münasibətlərinə və İsrailin təhdidlərinə də toxunan İraqçi, İranın heç vaxt təzyiqlərə boyun əymədiyini və istənilən hücuma qarşı cavab vermək gücündə olduğunu bildirib. "İsrail nə keçmişdə, nə indi, nə də gələcəkdə İrana hücum edə bilməz. ABŞ dəstəyi olsa belə, onların bu gücü yoxdur," - deyə o əlavə edib.