BƏƏ süni intellektlə qanun yaradıcılığına başlayır - ÖZƏL
21 Aprel 2025 10:31 DünyaBirləşmiş Ərəb Əmirlikləri dünyada ilk dəfə olaraq qanunvericiliyin hazırlanması və mövcud qanunların yenidən gözdən keçirilməsi üçün süni intellektdən (Sİ) istifadə etməyi planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə Financial Times qəzetinin məlumat verib. Bu, texnologiyaya milyardlarla dollar sərmayə yatıran BƏƏ-nin "radikal yanaşması" kimi qiymətləndirilir.
Ölkənin Baş naziri Məhəmməd bin Rəşid Əl Maktum bildirib: "Süni intellekt əsasında fəaliyyət göstərəcək yeni qanunvericilik sistemi qanunların yaradılması prosesini daha sürətli və dəqiq edəcək".
Hökumətin gözləntisinə görə, Sİ qanunvericiliyin hazırlanmasını 70% sürətləndirəcək. Texnologiyanın köməyi ilə BƏƏ həmçinin qanunların əhaliyə və ölkə iqtisadiyyatına təsirini izləməyi, federal və yerli qanunları, məhkəmə qərarlarını və dövlət xidmətlərini əhatə edən geniş bir məlumat bazası yaratmağı planlaşdırır.
Kopenhagen Biznes Məktəbinin professoru Roni Medalya bu ideyanı "çox cəsarətli" adlandırıb və qeyd edib ki, görünür, BƏƏ süni intellekti bir növ "birgə qanunverici"yə çevirməyi hədəfləyir.
Bununla belə, mütəxəssislər bu yanaşmanın müxtəlif risklər və çətinliklər yaradacağını vurğulayırlar. Onlar bildirirlər ki, Sİ-nin verdiyi nəticələr istifadəçilər üçün aydın olmaya bilər, eləcə də bu texnologiya qanunları insanlar kimi interpretasiya edə bilməz. Oksford Universitetinin tədqiqatçısı Vinsent Ştraub xəbərdarlıq edib ki, süni intellekt modelləri təəccübləndirici olsa da, hələ də etibarlılıq və davamlılıq baxımından problemlərlə üzləşirlər.
Bununla belə, Ştraub bu təşəbbüsü yenilikçi adlandırıb. O qeyd edib ki, BƏƏ-nin planları süni intellektin yalnız köməkçi yox, həm də qanunvericilikdə baş verəcək dəyişiklikləri proqnozlaşdıra bilən bir vasitə kimi istifadəsini nəzərdə tutur. Bu texnologiyanın tətbiqi həm də hüquqi məsləhət xidmətlərinə çəkilən xərcləri azaltmağa imkan verə bilər.