ABŞ Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı detalları müzakirə etməyə hazır deyil- ÖZƏL
18 Aprel 12:12 DünyaABŞ hələlik Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı detallı müzakirələrə başlamağa hazır deyil. Olaylar.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Fransanın Le-Burje hava limanında jurnalistlərə açıqlama verib.
"Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə bildirdim ki, ABŞ Ukrayna tərəfi ilə danışıqlar aparıb və biz müəyyən bir plan təklif etmişik. Lakin bu planın detalları hələ müzakirə olunmayıb", - deyə Rubio bildirib. Onun sözlərinə görə, danışıqlar konstruktiv və pozitiv keçib, heç bir tərəf irəli sürülən təklifləri rədd etməyib.
Rubio qeyd edib ki, iştirakçılar hazırda öz paytaxtlarına dönərək təklifləri müzakirə edəcəklər və növbəti həftə qərarların verilməsi gözlənilir. O əlavə edib ki, Fransa, Böyük Britaniya və Almaniya nümayəndələri olduqca konstruktiv və faydalı yanaşma sərgiləyiblər.
Qeyd edək ki, aprelin 17-də Fransa Prezidenti Emmanuel Makron Parisdə Marko Rubio və ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffla görüş keçirib. Yelisey sarayının məlumatına görə, bu "konstruktiv danışıqlar" Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı mövqelərin yaxınlaşdırılmasına xidmət edib.
Beş ölkənin nümayəndələrinin növbəti görüşü gələn həftə Londonda keçiriləcək. Bu barədə AFP agentliyi məlumat yayıb.