Ukrayna ABŞ-la sazişi yalnız qarşılıqlı fayda və təhlükəsizlik zəmanətləri olarsa ratifikasiya edəcək- ÖZƏL
18 Aprel 11:26 DünyaUkrayna Ali Radası ABŞ ilə yeraltı sərvətlər üzrə sazişi yalnız ölkəyə təqdim olunan şərtlər qənaətbəxş olarsa ratifikasiya edəcək. Olaylar.az xəbər verir ki, bu barədə Ali Radanın Maliyyə, vergi və gömrük siyasəti komitəsinin rəhbəri Daniil Hetmantsev məlumat verib.
Onun sözlərinə görə, ötən axşam Kiyev və Vaşinqton arasında imzalanan sənəd yalnız niyyətlər bəyannaməsidir və sazişin özü deyil:
"Əgər bu saziş parlamentin ratifikasiyasını tələb edəcəksə, o zaman Ali Rada onu yalnız bir neçə vacib şərt daxilində təsdiqləyəcək: Ukraynaya "geriyə dönük" borclar yazılmayacaq, şərtlər qarşılıqlı faydalı olacaq və ən əsası, dövlətimizə etibarlı təhlükəsizlik zəmanətləri təqdim olunacaq."
Hetmantsev qeyd edib ki, Ukraynanın iqtisadiyyatını bərpa etmək üçün investisiya cəlb etməyə imkan verəcək belə bir sazişə ehtiyac var.
Aprelin 17-si axşam saatlarında Ukraynanın birinci vitse-premyeri, iqtisadiyyat naziri Yuliya Sviridenko bildirmişdi ki, Ukrayna və ABŞ yeraltı sərvətlərlə bağlı saziş üzrə memorandum imzalayıb. Onun sözlərinə görə, bu sənəd birgə əməkdaşlığın və gələcəkdə sazişin imzalanması niyyətinin göstəricisidir. Sviridenko əlavə edib ki, tərəflər Ukraynanın bərpası üçün investisiya fondu yaratmağa hazırlaşır. Sazişin qüvvəyə minməsi üçün hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunması vacibdir.