ABŞ-nin Tennessi ştatınının Ridqely qəsəbəsində baş verən güclü sel fəlakətində onlarla insan evlərində köməksiz qalıb, ətraf ərazilər tamamilə su altında qalıb.
Bu dəhşətli təbiət hadisəsi zamanı bir evin tamamilə salamat qalması hər kəsi təəccübləndirib.
Söhbət qəsəbədə yaşayan Humphrey ailəsinin evindən gedir. Baş verən güclü yağışlar bölgədə 100-dən artıq insanın evlərində və avtomobillərində köməksiz qalmasına səbəb olub. Lakin həmin ailənin evi nə sel sularından, nə də palçıqdan zərər görüb. Sosial şəbəkələrdə yayılan görüntülərdə evin ətrafındakı bütün məhəllələrin və mülklərin sular altında qalmasına baxmayaraq, ailəsinin evi "adada" yerləşən ev kimi görünür.
İddialara görə, bu ailə illərdir evlərinin ətrafında süni torpaq bənd sistemi qurmaqla məşğuldur. Lakin ailə bu sistemin dəqiq necə qurulduğunu ictimaiyyətə açıqlamayıb. Bu isə sosial mediada böyük marağa və fərziyyələrə səbəb olub.
Son həftələrdə Ortabatı bölgəsini cənginə alan şiddətli fırtına və yağışlar nəticəsində azı 21 nəfər həyatını itirib. Təbii fəlakət Kentusky, Missisipi və Tennessi ştatlarının bir hissəsində güclü yağış, dolu, qasırğa və küləklərlə müşahidə olunub.
Tennessi Səhiyyə Departamentinin verdiyi məlumata görə, təkcə bu ştatda təhlükəli hava şəraiti səbəbindən 10 nəfər ölüb. Bölgədəki bir çox ailəyə evlərini təcili boşaltmaq tapşırılıb, bəziləri isə xilasedicilər tərəfindən qayıqlarla təxliyə olunub.
Hazırda yerli əhali və ekspertlər Humphrey ailəsinin sirli sisteminin təfərrüatlarını öyrənməyə çalışır.