Prezident Pezeşkiyan Zərifi istefasına baxmayaraq təqdir etdi – ÖZƏL
16 Aprel 2025 15:20 Dünyaİran Prezidenti Məsud Pezeşkiyan keçmiş vitse-prezident Məhəmməd Cavad Zərifə təşəkkür edib.
Olaylar.az xəbər verir ki, İRNA-nın məlumatına görə, dövlət başçısı çərşənbə günü verdiyi bəyanatda Zərifin istefasına "müəyyən məhdudiyyətlərin" səbəb olduğunu bildirib, lakin onun elmi bilik və təcrübəsindən gələcəkdə də faydalanmağa hazır olduğunu qeyd edib.
Zərif 3 martda vəzifəsindən istefa verib. O, sosial şəbəkədə yazdığı paylaşımda, ölkənin baş hakimi Qulam Hüseyn Möhsini Ejeyi ilə görüşdən sonra istefa verməyə razılaşdırıldığını açıqlayıb. Bildirib ki, istefası, hökumətin fəaliyyətinə mane olanların bəhanələrini aradan qaldırmalıdır.
Zərifin təyinatı parlamentdə narazılıqla qarşılanmışdı. Deputatlar onun bu vəzifəyə qanunsuz təyin edildiyini iddia etmiş, səbəb kimi isə övladlarından birinin ABŞ vətəndaşı olmasını göstərmişdilər. İran qanunvericiliyinə görə, özü və ya yaxın ailə üzvləri xarici vətəndaş olan şəxslər mühüm dövlət vəzifələrinə təyin oluna bilməz. Zərifin övladları onun ABŞ-də təhsil aldığı dövrdə orada doğulub və vətəndaşlıq əldə edib.