Ağ Ev informasiya agentliklərinin prezident tədbirlərinə daimi girişini ləğv etdi- ÖZƏL
16 Aprel 15:01 DünyaAğ Ev informasiya agentlikləri üçün prezidentin tədbirlərinə daimi giriş hüququnu ləğv edib. Olaylar.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
"Bloomberg"in qeyd etdiyinə görə, onların müxbiri əvvəllər "Reuters" və "Associated Press" kimi iki aparıcı Qərb agentliyi ilə birlikdə prezidentin mətbuat qrupunun üzvü kimi hər gün Ağ Evdəki tədbirlərdə, o cümlədən Oval kabinetdə və prezidentin səfərlərində iştirak edirdi. Lakin yeni qaydalara əsasən, bundan sonra informasiya agentliklərinin prezidentin mətbuat qrupuna avtomatik daxil olması dayandırılıb. Ağ Evin mətbuat katibi Kerolin Livitt jurnalistlərə açıqlamasında bildirib ki, agentliklər yalnız rotasiya əsasında tədbirlərə seçilə bilər. Həmçinin qeyd edilib ki, hansı KİV-lərin tədbirdə iştirak edəcəyinə qərar vermək hüququ Ağ Evdə qalır. Livitt bu qərarın məqsədinin "prezidentin açıqlamalarının düzgün hədəf auditoriyasına çatdırılması və tədbirdə mövzu üzrə ixtisaslaşmış media orqanlarının iştirakı" olduğunu bildirib.
Yeni qaydalar "Bloomberg", "Reuters" və "Associated Press" daxil olmaqla, mətbuat qrupunda fəaliyyət göstərən bütün əsas agentliklərə şamil olunub. Onlar bildirirlər ki, bu dəyişiklik keçmiş prezident Donald Trampın administrasiyası ilə "Associated Press" arasında davam edən məhkəmə çəkişməsi fonunda baş verib. Belə ki, fevral ayında "Associated Press" Meksika körfəzini ABŞ Prezidenti Trampın göstərişi ilə "Amerika körfəzi" adlandırmaqdan imtina etdiyinə görə Ağ Evdən uzaqlaşdırılmışdı.
Keçən həftə dairə hakimi Trevor MakFadden qərara gəlib ki, Ağ Ev redaksiya siyasətinə görə agentliyi mətbuat qrupundan çıxara bilməz. O, agentliyin qrupa geri qaytarılmasını tələb etməsə də, Tramp administrasiyasının bu jurnalistlərlə digər media nümayəndələri kimi bərabər rəftar etməli olduğunu vurğulayıb. "Bloomberg" və digər iki agentlik hesab edir ki, Ağ Evin yeni siyasəti bu məhkəmə qərarına reaksiya olaraq qəbul edilib.
"Onilliklər ərzində informasiya agentliklərinin prezident mətbuat qrupunda gündəlik iştirakı ABŞ-da və bütün dünyada investorlar və seçicilər üçün prezidentin söylədiklərinə və hərəkətlərinə dair real vaxtda yayılan xəbərlərə güvən təminatı olub. Bu mühüm tənqid və hesabat mexanizminin ləğv edilməsinə görə dərin təəssüf hissi keçiririk," - deyə "Bloomberg"in baş redaktoru Con Mikltueyt Ağ Evin qərarını şərh edib.