ABŞ xaricdə təxminən 30 diplomatik konsulluğu bağlaya bilər- ÖZƏL
16 Aprel 14:41 DünyaABŞ Dövlət Departamenti xaricdə fəaliyyət göstərən təxminən 30 diplomatik missiyanın bağlanması məsələsini nəzərdən keçirir. Olaylar.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti Dövlət Departamentinin daxili sənədinə istinadən məlumat yayıb.
Xarici ölkələrdəki nümayəndəliklərin və orada çalışan heyətin azaldılması ilə bağlı planlar barədə amerikalı media orqanları hələ mart ayında məlumat vermişdi. Lakin həmin vaxt söhbət yalnız onlarla məhdud sayda konsulluğun bağlanmasından gedirdi.
Qəzetin yazdığına görə, bağlanması planlaşdırılan diplomatik missiyaların əksəriyyəti Avropa və Afrika qitəsində yerləşir. Məlumatda qeyd olunur ki, Malta, Lüksemburq, Lesoto, Konqo Respublikası, Mərkəzi Afrika Respublikası, Cənubi Sudan, Eritreya, Qambiya, Maldiv Respublikası və Qrenadadakı ABŞ səfirlikləri bağlana bilər. Eyni zamanda, Somali və Bağdadda yerləşən Diplomatik Dəstək Mərkəzinin də ya tamamilə bağlanması, ya da ciddi şəkildə ixtisar edilməsi təklif olunur.
Azaldılması nəzərdə tutulan konsulluqların əksəriyyəti Avropada yerləşir. Fransada beş konsulluq (Bordo, Lion, Marsel, Renn, Strasburq), Almaniyada iki (Düsseldorf, Leypsiq), Bosniya və Herseqovinada isə iki (Mostar və Banya Luka) konsulluğun bağlanması təklif olunur. Bundan əlavə, Yunanıstan, İtaliya, Portuqaliya, Böyük Britaniya, Kamerun, İndoneziya, Cənubi Afrika Respublikası və Koreya Respublikasında da bir neçə konsulluq fəaliyyətini dayandıra bilər.
"The New York Times" qeyd edir ki, əgər bu planlar həyata keçərsə, ABŞ diplomatik nümayəndəliklərin sayına görə Avropa, Afrika və Şərqi Asiyada birinciliyi Çinə verəcək.
Eyni mövzuda "The Washington Post" qəzeti də məlumat yayıb. Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Dövlət Departamentinə ayrılan büdcə vəsaitlərini iki dəfə azaltmağı planlaşdırır. Beynəlxalq təşkilatlara ayrılan vəsaitlərin həcmi isə daha da çox - təxminən 90% azalacaq. Bu çərçivədə BMT, NATO və daha 20 beynəlxalq institutun maliyyələşdirilməsi dayandırılacaq. Lakin MAQATE, ICAO kimi bəzi təşkilatlar istisna təşkil edəcək.