ABŞ nümayəndə heyəti Rumıniyada "demokratiyaya zərbə" barədə məlumatlandırılır- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rumıniyada prezidentliyə namizəd, müxalif millətçi "Rumıniyanın birliyi uğrunda alyans" partiyasının lideri Corce Simion bildirib ki, ABŞ Konqresinin nümayəndə heyəti ölkədə demokratiyaya təhdid barədə məlumatlıdır.

Simion sosial şəbəkədə paylaşdığı məlumatda qeyd edib ki, hazırda Rumıniyada səfərdə olan respublikaçı nümayəndələr noyabr ayında keçirilmiş prezident seçkilərinin birinci turunun nəticələrinin ləğvindən və müstəqil millətçi namizəd Kəlin Corceskunun seçkilərdən kənarlaşdırılmasından xəbərdardırlar. O, paylaşımına ABŞ Konqresinin Florida ştatından olan nümayəndəsi Anna Paulina Luna ilə birgə fotosunu da əlavə edib.

Rumıniyanın Baş naziri Marçel Çolaku isə ABŞ nümayəndə heyəti ilə görüşdən sonra verdiyi açıqlamada bildirib ki, ən vacib nəticə Rumıniyanın ABŞ-ın etibarlı tərəfdaşı və Avropada təhlükəsizliyin təminində əvəzsiz müttəfiqi olaraq qalacağına dair mesajdır.

Ölkənin müvəqqəti prezidenti İlie Bolojian da ABŞ-nin  Rumıniyadakı iştirakının gücləndirilməsinin, xüsusilə Qara dəniz bölgəsindəki təhlükəsizlik çağırışları fonunda, vacibliyini vurğulayıb. ABŞ nümayəndə heyəti dekabrda ləğv olunan prezident seçkilərinin səbəbləri ilə bağlı Bolojian tərəfindən təqdim olunan izahları qənaətbəxş hesab edib.

Respublikaçı Vern Byukenanın rəhbərlik etdiyi ABŞ nümayəndə heyətinə həm Respublikaçılar, həm də Demokratlar Partiyasının üzvləri daxil idi. Onlar aprelin 15-də Bolojian, Çolaku və Rumıniya parlamentinin üzvləri ilə görüşlər keçiriblər.

Xatırladaq ki, 24 noyabr 2024-cü il tarixində Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda ən çox səsi Kelin Corcesku qazanmışdı. Lakin 6 dekabrda Konstitusiya Məhkəməsi səsvermənin nəticələrini ləğv edərək seçkilərin yenidən keçirilməsinə qərar verib. Bu qərar, xüsusi xidmət orqanlarının Corceskunun seçki kampaniyasını qanunsuz maliyyələşdirməsi ilə bağlı sənədləri açıqlamasından sonra qəbul olunub. Hökumət məhkəmənin qərarını nəzərə alaraq yeni prezident seçkilərinin 4 və 18 may tarixlərində keçirilməsini təyin edib. Corcesku isə seçkilərdə iştirakdan kənarlaşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31