Ukrayna parlamentində hərbi vəziyyətin uzadılması ərəfəsində gərginlik: Deputatlar təhdid edilir- ÖZƏL

Ukrayna Ali Radasının deputatları 9 may tarixindən etibarən hərbi vəziyyətin və ümumi səfərbərliyin 90 gün müddətinə uzadılması ilə bağlı səsvermə ərəfəsində təzyiqlərə məruz qalıblar. Olaylar.az xəbər verir ki, bu barədə parlamentin bitərəf deputatı Artyom Dmitruk məlumat verib.

Dmitruk Telegram kanalında yazıb ki, deputatlara "Səsvermənin nəticələrinə əsasən yoxlama aparılacaq, mənfi nəticə olduğu təqdirdə müvafiq tədbirlər görüləcək" məzmununda mesajlar göndərilib.

Qanun layihəsi Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən parlamentə 16 aprel tarixində təqdim olunub. Dmitruk bu təşəbbüsün ABŞ-ın Rusiya ilə apardığı danışıqlara və münaqişənin tənzimlənməsi ilə bağlı müsbət siqnallarına qarşı bir addım olduğunu bildirib: "Bu, çox iyrənc görünür! Müharibəni süni şəkildə uzadırlar!"

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 14 aprel tarixində Ukrayna münaqişəsinin həlli ilə bağlı "çox yaxşı təkliflərin" yaxın zamanda gözlənildiyini bəyan etmişdi. Daha sonra Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff ABŞ-ın Rusiya ilə bu istiqamətdə danışıqlarda irəliləyiş əldə etdiyini söyləmişdi. Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik isə TASS-a açıqlamasında Zelenskinin bu addımının ABŞ-ın sülh təşəbbüslərinə qarşı hörmətsizlik olduğunu bildirib.

Ali Radada məsələ ilə bağlı ciddi fikir ayrılıqları yaranıb. Ölkənin sabiq prezidenti, hazırda Rusiya tərəfindən ekstremist fəaliyyətlərdə ittiham edilən siyahıya daxil edilmiş Pyotr Poroşenko Zelenskinin hərbi vəziyyətin uzadılmasından sui-istifadə etdiyini və hakimiyyəti mənimsəməyə başladığını deyib. Onun partiyasının üzvü, deputat Aleksey Qonçarenko (o da Rusiyada ekstremistlər siyahısındadır) isə qanun layihəsinə səs verməyəcəyini bəyan edib. Bu isə hakim "Xalqın xidmətçisi" partiyası və Ali Radanın spikeri Ruslan Stefançuk tərəfindən tənqid edilib. Hazırda deputatlar arasında məsələ ilə bağlı mübahisələr davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31