Avropa İttifaqı və Ukrayna 5 iyunadək gömrük rüsumlarının qarşılıqlı ləğvini müzakirə edəcək- ÖZƏL
10:59 DünyaAvropa İttifaqı (Aİ) 5 iyun tarixində başa çatacaq müvəqqəti ticarət mexanizmini uzatmayacaq və bunun əvəzinə Ukrayna ilə gömrük rüsumlarının qarşılıqlı ləğvini nəzərdə tutan yeni razılaşma əldə etməyə çalışacaq. Olaylar.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti Avropa Komissiyasındakı mənbələrə istinadla məlumat yayıb.
Avropa Komissiyasının ticarət üzrə nümayəndəsi Olof Gill bildirib ki, Aİ Ukrayna ilə məsləhətləşmələrə başlamağa hazırdır və məqsəd gömrük rüsumlarının qarşılıqlı şəkildə ləğvini nəzərdən keçirməkdir. "Biz bu təklifi üzərində işi başa çatdırmaq üzrəyik və onu mümkün qədər tez Ukraynaya təqdim edəcəyik", - deyə Gill qeyd edib. O əlavə edib ki, prosesin məqsədi həm Ukrayna, həm də Aİ-dəki müəssisə və fermerlər üçün iqtisadi sabitlik və proqnozlaşdırıla bilən şərait yaratmaqdır.
Qəzet yazır ki, bu təklif üzrə danışıqlar 5 iyunadək yekunlaşmalıdır ki, Avropa Komissiyasının söz verdiyi kimi "müəyyən keçid dövrü" təmin olunsun. Həmçinin, rəsmi Brüssel razılaşmanın həmin tarixədək əldə olunmaması ehtimalına qarşı "hüquqi körpü" üzərində də işləyir.
Qeyd edək ki, Aİ və Ukrayna arasında 2016-cı ildən "dərin və hərtərəfli azad ticarət zonası" haqqında saziş qüvvədədir. Lakin ekspertlər bildirirlər ki, müvəqqəti olaraq bütün kvotaların və tariflərin ləğvini nəzərdə tutan ayrıca qərarların qəbul olunması bu sazişin Aİ-nin Ukrayna məhsullarına qarşı müəyyən məhdudiyyətlər saxladığını göstərir. Bu müddət ərzində isə Aİ ölkələri Ukrayna bazarına demək olar ki, tam sərbəst çıxış əldə ediblər.
Xatırladaq ki, 2022-ci il iyunun 4-dən etibarən Aİ Ukrayna məhsullarına tətbiq olunan gömrük rüsumlarını bir illik müddətə ləğv etmişdi və bu müddət sonradan uzadılmışdı. Bununla belə, Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya kənd təsərrüfatı nazirləri Avropa Komissiyasına müraciət edərək, Ukrayna kənd təsərrüfatı məhsullarına tətbiq olunan artırılmış kvotaların ləğv olunmasını və Ukrayna şirkətlərinin Aİ standartlarına uyğun fəaliyyət göstərmələrini tələb ediblər.