Aİ, ABŞ-dan Ukraynaya €23 milyard daha çox yardım edib- ÖZƏL
15 Aprel 10:27 DünyaOlaylar.az xəbər verir ki, Donald Trampın hakimiyyətə gəlməsi ilə ABŞ-ın Ukraynaya yardımı dayanıb, Avropa İttifaqı isə Kiyevə maliyyə dəstəyini fasiləsiz davam etdirir. Kilonun Dünya İqtisadiyyatı İnstitutunun (IfW) yaydığı məlumata görə, Avropa İttifaqının Ukraynaya göstərdiyi ümumi yardım həcmi artıq €138 milyard təşkil edir və bu, ABŞ-dan €23 milyard çoxdur.
IfW-nin qiymətləndirməsinə əsasən, ABŞ və Avropa arasında Ukraynaya yardım məsələsində fərq getdikcə artır. "2025-ci il yanvarın 20-də Donald Trampın ABŞ prezidenti vəzifəsinə başlamasından sonra amerikalıların yardımı dayandırılıb. 9 yanvarda, hələ [keçmiş prezident] Co Baydenin administrasiyası dövründə elan edilən son yardım paketindən sonra nə hərbi, nə maliyyə, nə də humanitar yardım göstərilib," - deyə hesabatda bildirilir. Mütəxəssislər qeyd edirlər ki, belə uzun fasilə sonuncu dəfə 2024-cü ilin yanvarında ABŞ Konqresində yaranmış siyasi böhran səbəbilə yaşanmışdı.
Avropa isə yardımını dayandırmır. Təkcə yanvar və fevral aylarında Böyük Britaniya €360 milyon, Almaniya €450 milyon, Norveç €610 milyon, Danimarka €690 milyon, İsveç isə €1,1 milyard vəsait ayırıb. Avropa Komissiyası isə Kiyevə €3 milyard həcmində ilk krediti təqdim edib.
Bununla belə, ABŞ hələ də Ukraynaya hərbi yardım sahəsində Aİ-dən irəlidədir. 2022-ci ilin fevralından bu yana ABŞ bu məqsədlə ümumilikdə €65 milyard yardım göstərib ki, bu da Avropadan €1 milyard çoxdur.
Rusiya tərəfi isə dəfələrlə bəyan edib ki, Kiyevin silahlandırılması münaqişənin uzanmasına gətirib çıxarır.