Yaponiyadan ABŞ-a qarşı cavab rüsumları Tokio üçün sərfəli deyil – Siqeru İşiba - ÖZƏL
14 Aprel 2025 14:57 DünyaYaponiyanın Baş naziri Siqeru İşiba bəyan edib ki, ABŞ-nin tətbiq etdiyi tariflərə cavab olaraq Amerika məhsullarına qarşı rüsumların tətbiqi Yaponiya və onun xalqının maraqlarına uyğun olmazdı. Olaylar.az xəbər verir ki, bu barədə o, parlamentdə çıxışı zamanı bildirib.
"Cavab rüsumlarının tətbiqini tamamilə istisna etmirəm, lakin qarşıdan gələn danışıqlar baxımından, həmçinin enerji və ərzaq qiymətlərinin sürətlə artdığı bir şəraitdə bu addım Yaponiyanın maraqlarına uyğun olmazdı," - deyə İşiba vurğulayıb.
Hazırda Yaponiya ABŞ ilə tariflər mövzusunda danışıqlara hazırlaşır. NHK telekanalının məlumatına görə, danışıqlar 17 aprel tarixində Vaşinqtonda keçiriləcək.
Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və əraziyə aid olan mallara rüsum tətbiq edəcəyini açıqlayıb. Yaponiyadan idxal olunan məhsullara 24% əlavə tarif müəyyən edilib. Bundan əlavə, aprelin 3-dən etibarən ABŞ administrasiyası bütün idxal olunan avtomobillərə 25% əlavə rüsum tətbiq edib.
Daha sonra, aprelin 9-da Tramp bəyan edib ki, danışıqlara hazır olduqlarını bildirən 75 ölkəyə qarşı tarif artımını 90 gün müddətinə dayandırır. Bu ölkələrə tətbiq olunan idxal rüsumu isə 10% olacaq.