Cənubi Çin dənizi ilə bağlı fikir ayrılıqları danışıqlar yolu ilə həll oluna bilər – Si Cinpin- ÖZƏL

Çin Xalq Respublikasının Sədri Si Cinpin bildirib ki, Vyetnamla Cənubi Çin dənizi üzrə fikir ayrılıqları danışıqlar yolu ilə həll oluna bilər. Olaylar.az xəbər verir ki, bu fikirləri Si Cinpin Vyetnam Kommunist Partiyasının "Nyan Zan" qəzetində dərc olunan məqaləsində səsləndirib.

"Çin və Vyetnamın quru sərhədlə bağlı məsələlərin həllindəki uğurlu təcrübəsi göstərir ki, tərəflər bu cür məsələləri danışıqlar yolu ilə həll etmək qabiliyyətinə tam malikdirlər", - deyə Si Cinpin qeyd edib.

O, vurğulayıb ki, tərəflər Cənubi Çin dənizi üzrə Davranış Bəyannaməsinin müddəalarını effektiv şəkildə həyata keçirməlidir. Çin lideri həmçinin bildirib ki, tərəflər fikir ayrılıqlarını aradan qaldırmalı və Cənubi Çin dənizini sülh, dostluq və əməkdaşlıq dənizinə çevirməlidirlər.

Qeyd edək ki, Çin, Vyetnam və regionun bir sıra digər ölkələri Cənubi Çin dənizində yerləşən Parasel adaları və Spratli arxipelaqları (çincə adı: Nanşa, vyetnamca: Çionqsa) üzərində ərazi iddiaları irəli sürürlər.

Xatırladaq ki, Cənubi Çin dənizi üzrə Davranış Bəyannaməsi Çin və ASEAN-a (Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası) üzv ölkələr tərəfindən 2022-ci ildə imzalanıb. Bəyannamə tərəfləri gərginliyi artıracaq və ya sülh və sabitliyi poza biləcək hərəkətlərdən çəkinməyə çağırır. Sənəddə həmçinin tərəflərin davranış qaydaları üzrə yekun kodeksin hazırlanması nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31