Almaniya Ukraynaya 500 min mərmi göndərəcək – Aİ təşəbbüsünün bir hissəsi kimi- ÖZƏL
14 Aprel 2025 13:18 DünyaAlmaniya Ukraynaya Avropa İttifaqının başladığı təşəbbüs çərçivəsində 500 min artilleriya mərmisi göndərəcək. Bu təşəbbüs ümumilikdə Ukraynaya 2 milyon sursatın təqdim olunmasını nəzərdə tutur. Olaylar.az xəbər verir ki, bu barədə jurnalistlərə Almaniyanın xarici işlər naziri vəzifəsini icra edən Annalena Berbok məlumat verib.
"Almaniya bu təşəbbüsün dörddəbirini təmin edəcək", - deyə o, Lüksemburqda Aİ-nin 27 üzv ölkəsinin xarici işlər nazirlərinin planlaşdırılmış iclasına gələndə bildirib. Berbok həmçinin qeyd edib ki, görünür, bu, onun Almaniyanın xarici işlər naziri kimi Aİ Şurasında sonuncu iclasıdır. Almaniyada hazırda yeni hökumətin formalaşdırılması prosesi gedir və onun təmsil olunduğu "Yaşıllar" partiyası bu hökumətdə yer almayacaq.
Aprelin 11-də Almaniyanın müdafiə naziri vəzifəsini icra edən Boris Pistorius da yaxın illərdə Ukraynaya yeni hərbi yardım vəd edib. Bu yardım çərçivəsində daha dörd IRIS-T hava hücumundan müdafiə sistemi, 300 idarə olunan raket, 100 radar təqdim ediləcək. Bundan əlavə, 15 Leopard 1A5 tankı, 300 kəşfiyyat PUA-sı, 25 Marder piyadaların döyüş maşını, 14 artilleriya qurğusu və təxminən 100 min artilleriya mərmisi də yardım paketinə daxil olacaq.
Almaniya ABŞ-dan sonra Ukraynaya ən çox silah tədarük edən ikinci ölkədir. Ukraynada müharibə başladıqdan bəri Almaniya Kiyevə müxtəlif formalarda təxminən 44 milyard avro dəyərində yardım göstərib. Rusiya tərəfi dəfələrlə bildirib ki, Ukrayna rejiminin silahlandırılması münaqişənin uzanmasına səbəb olur.