İtaliyanın müdafiə naziri: “İstəkli koalisiya” yalnız nəzəri hərbi qüvvədir- ÖZƏL
14 Aprel 2025 11:43 Dünyaİtaliyanın müdafiə naziri Guido Crosetto "istəkli koalisiya" adlanan təşəbbüsü yalnız nəzəri hərbi qüvvə kimi qiymətləndirib. O, bu koalisiyanın Ukraynaya dəstək məqsədilə yaradılmasının mümkünlüyünü etiraf etsə də, hazırda bunun üçün heç bir şərtin və zəminin olmadığını bildirib.
Olaylar.az xəbər verir ki, bu barədə "La Stampa" qəzetinə verdiyi müsahibəsində Crosetto deyib: "Bu, Ukraynada iştirak edə biləcək nəzəri hərbi qüvvədir, lakin bu gün üçün fəaliyyətə başlamaq üçün heç bir şərait yoxdur." Nazir əlavə edib ki, belə bir koalisiya, ABŞ-nin mümkün hərbi çəkilməsi fonunda, NATO-nun Avropa dayağı kimi çıxış edə bilməz. "NATO-nun Avropa dayağını alyansa daxil olan bütün Avropa ölkələri təşkil edir. Alyansın konkret vəzifələri və imkanları var. Biz ölkələrin müdafiəsini təmin etməli və daha az siyasi bəyanatlar verməliyik," - deyə Crosetto vurğulayıb.
Qeyd edək ki, "istəkli koalisiya" təşəbbüsü Böyük Britaniya və Fransa tərəfindən irəli sürülüb və Ukraynada atəşkəsin əldə olunacağı təqdirdə sabitləşdirmə, sülhməramlı və ya çəkindirmə missiyasına dəstək verməyi hədəfləyir. Lakin bu missiyaya neçə ölkənin qoşulacağı barədə hələ dəqiq məlumat yoxdur.
Hazırda bu təşəbbüs ətrafında keçirilən görüşlərdə Kiyevə təhlükəsizlik təminatları məsələsi də müzakirə olunur. ABŞ bu görüşlərdə iştirak etmir. Bir sıra ölkələr isə yalnız Vaşinqtonun dəstəyi olduğu halda Ukrayna üzrə missiyaya töhfə verməyə hazır olduqlarını bildiriblər.
İtaliya hökuməti dəfələrlə bəyan edib ki, Ukraynaya qoşun göndərməyəcək. Rəsmi Roma yalnız BMT mandatı altında sülhməramlı missiyanı nəzərdən keçirməyə hazır olduğunu və bu mövzuda aparılan müzakirələrin hələ tez olduğunu vurğulayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə daha əvvəl bildirmişdi ki, NATO ölkələrinin istənilən bayraq altında və istənilən formada Ukrayna ərazisində olması Moskva üçün təhlükədir və bu, heç bir halda qəbul olunmayacaq.