Əlcəzair 12 Fransa diplomatını ölkədən çıxardı- ÖZƏL
14 Aprel 2025 11:03 DünyaƏlcəzair hakimiyyəti Fransanın 12 diplomatını ölkədən çıxarmaq qərarı verib. Olaylar.az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti Fransa xarici işlər naziri Jan-Noel Barroya istinadla məlumat yayıb.
"Əlcəzair hakimiyyəti 12 əməkdaşımızın 48 saat ərzində ölkəni tərk etməsini tələb edib", - deyə nazirin sözləri sitat gətirilib.
"Le Figaro"nun məlumatına görə, söhbət Fransa Daxili İşlər Nazirliyi ilə əlaqəli inzibati və diplomatik işçilərdən gedir. Barro bildirib ki, Əlcəzairin bu addımı cavabsız qalmayacaq.
Əlcəzairin bu qərarının səbəbi Fransada üç əlcəzairli vətəndaşın saxlanılması ilə əlaqələndirilir. Onlar Fransa ərazisində hüquq pozuntularında şübhəli bilinərək 11 aprel tarixində saxlanılıblar.
Xatırladaq ki, 2024-cü ilin iyul ayında Parisin Qərbi Saxara ilə bağlı Mərakeşin muxtariyyət planını yeganə həll yolu kimi tanımasından sonra Əlcəzair dərhal Fransadakı səfirini geri çağırmışdı. Əlcəzair uzun illərdir saxaralıların öz müqəddəratını təyin etmək hüququnu dəstəkləyir.
Qeyd edək ki, 2025-ci il aprelin 6-da Barro Əlcəzair Prezidenti Əbdülməcid Tebbunla görüşdən sonra iki ölkənin uzunmüddətli gərginlikdən sonra münasibətləri bərpa etmək və yeni səhifə açmaq niyyətində olduğunu bəyan etmişdi.