Rusiya rəsmisi: Ermənistan ya Aİ, ya da Aİİ yolunu seçməlidir – ÖZƏL
14 Aprel 2025 11:00 DünyaOlaylar.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "İzvestiya" qəzetinə verdiyi müsahibədə bildirib ki, Ermənistanın eyni zamanda həm Avropa İttifaqına (Aİ), həm də Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olması obyektiv olaraq mümkün deyil. Onun sözlərinə görə, bu iki birlik müxtəlif gömrük və tarif tənzimləmələrinə malikdir və mahiyyətcə fərqli iqtisadi bloklardır.
Qaluzin qeyd edib ki, Aİİ-yə üzvlük Ermənistan üçün real iqtisadi faydalar verir və bu, ölkənin ÜDM artımında öz əksini tapır. O bildirib ki, əgər Ermənistan Avropa inteqrasiyasını seçərsə, bu, Aİİ çərçivəsində mövcud olan iqtisadi əlaqələrin yenidən baxılmasına gətirib çıxaracaq və bu proses Ermənistan əhalisi üçün ağrılı ola bilər.
Rusiya rəsmisi həmçinin vurğulayıb ki, hazırda Aİ ilə ticarət dövriyyəsi Rusiya ilə müqayisədə dəfələrlə azdır və Aİ-nin Rusiya və onun strateji tərəfdaşlarına qarşı düşmən mövqeyi nəzərə alınmalıdır. O, ümidvar olduğunu bildirib ki, rəsmi Yerevan bu reallıqları nəzərə alacaq və düzgün qiymətləndirəcək.