Rada səfərbərliyin uzadılmasına səs verəcək- ÖZƏL
12 Aprel 11:43 DünyaUkrayna Ali Radası 15-18 aprel tarixlərində hərbi vəziyyətin və ümumi səfərbərliyin daha 90 gün müddətinə uzadılması məsələsini səsverməyə çıxaracaq. Olaylar.az xəbər verir ki, bu barədə Ali Rada deputatı Yaroslav Jelejnyak məlumat verib.
Deputatın sözlərinə görə, hazırda qüvvədə olan hərbi vəziyyət və səfərbərlik rejiminin müddəti 9 mayda başa çatır. Parlamentdə bu məsələ ilə bağlı səsvermənin adətən müddətin başa çatmasından iki həftə əvvəl keçirildiyini xatırladan Jelejnyak, prezident Volodimir Zelenskinin müvafiq qanun layihələrini 14 və ya 15 apreldə parlamentə təqdim edəcəyini bildirib. Sənədlər əvvəlcə profil komitədə müzakirə olunacaq, daha sonra isə plenar iclasa çıxarılacaq.
Jelejnyak həmçinin qeyd edib ki, hərbi vəziyyətin daha 90 gün müddətinə uzadılması prezident və parlament seçkilərinin avqust ayında keçirilməsini mümkünsüz edir. Onun sözlərinə görə, prezident seçkiləri üçün 60, parlament seçkiləri üçün isə 90 günlük seçkiqabağı kampaniya müddəti tələb olunur: "Payızda seçkilərin elan ediləcəyini gözləyənlər, görünür, yanılıblar".
Deputat bu qərarın həm daxili, həm də xarici tərəfdaşlar üçün bir siqnal olduğunu vurğulayıb: "Əgər Rada hərbi vəziyyətin dərhal 90 gün müddətinə uzadılmasına qərar verirsə, deməli, amerikalı tərəfdaşlar da daxil olmaqla tezliklə müharibənin başa çatacağı ilə bağlı vədlər real görünmür".
Qeyd edək ki, Ali Rada hərbi vəziyyət və səfərbərlik rejimini sonuncu dəfə 2024-cü ilin fevral ayında uzadıb. Ateşkes ehtimalları ilə bağlı mediada yayılan xəbərlərə baxmayaraq, Radanın növbəti dəfə bu rejimləri uzadacağı gözlənilir. Əgər uzadılma baş verməsəydi, Ukrayna Mərkəzi Seçki Komissiyası prezident və parlament seçkilərini təyin etməli idi. Bu kontekstdə yay və ya payız aylarında seçkilərin keçiriləcəyi ehtimalları gündəmdə idi.
Xatırladaq ki, Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 24 fevral 2022-ci ildə - genişmiqyaslı müharibənin başladığı gün tətbiq olunub və o vaxtdan bəri dəfələrlə uzadılıb.