Litva “dron divarı” layihəsi üçün yeni maliyyə mənbələri axtaracaq- ÖZƏL

Litva, Avropa İttifaqının maliyyə dəstəyi göstərməməsindən sonra dövlət sərhədinin mühafizəsi məqsədilə nəzərdə tutulan "dron divarı" təşəbbüsünü həyata keçirmək üçün alternativ maliyyə mənbələri axtarmaq məcburiyyətində qalacaq. Olaylar.az xəbər verir ki, bu barədə Litva Daxili İşlər Nazirliyi yanında Dövlət Sərhəd Mühafizəsi Xidmətinin rəhbəri general Rustamas Lyubayevas jurnalistlərə açıqlama verib.

Litva bu layihə üçün Estoniya ilə birlikdə Aİ-a maliyyə müraciəti təqdim etmişdi, lakin bu müraciət mart ayında rədd edilib. Lyubayevas bildirib ki, layihə əsasən regionda əməkdaşlıq sisteminin yaradılması, dost olmayan ölkələrin pilotsuz uçuş aparatlarının (PUA) aşkar edilməsi və onların zərərsizləşdirilməsi üçün məlumat mübadiləsini nəzərdə tuturdu:
"Layihədən imtina etmirik və digər maliyyə mənbələri axtaracağıq," - deyə o qeyd edib.

İlk dəfə 2024-cü ilin mayında irəli sürülən və 2025-ci ilin martında rədd edilən bu təşəbbüsün ümumi dəyəri 12 milyon avro təşkil edirdi. Plana əsasən, Estoniya 4 milyon avro, digər iştirakçılar isə hər biri 2,5 milyon avro maliyyə almalı idilər.

Qeyd edək ki, Litvanın şərq qonşuları ilə olan sərhədi həm də Avropa İttifaqının xarici sərhədidir və bu sərhəd eyni zamanda Belarus və Rusiya Federasiyasının Kalininqrad vilayəti ilə dövlət sərhədidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31