Rusiya ABŞ-nin Ukrayna ilə bağlı təkliflərini ciddi qəbul edir– ÖZƏL
1 Aprel 16:34 DünyaOlaylar.az xəbər verir ki, Rusiya ABŞ-nin Ukrayna münaqişəsinin həlli ilə bağlı bütün təkliflərini ciddi qəbul edir, lakin bu təkliflərdə böhranın əsas səbəblərinin aradan qaldırılması ilə bağlı tələblər tamamilə yoxdur. Bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib.
O qeyd edib ki, Rusiya ABŞ-nin təkliflərini olduğu kimi qəbul edə bilməz, mövcud ziddiyyətlər aradan qaldırılmalıdır. Bundan əlavə, ABŞ prezidenti Donald Trampın Kiyevə münaqişəni dayandırmaqla bağlı heç bir siqnal göndərmədiyini vurğulayıb.
"Bu günə qədər olan yeganə məsələ, amerikalıların düşündüyü kimi, əvvəlcə atəşkəsə nail olmağa imkan verəcək bir sxem tapmaq cəhdidir", - deyə Rusiya XİN rəsmisi "Beynəlxalq Həyat" jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya Ukrayna böhranına dair özünün hərtərəfli və düşünülmüş yanaşmalar sisteminə malikdir. Bu yanaşmalar, o cümlədən, Səudiyyə Ərəbistanında ABŞ-la keçirilən danışıqlarda müzakirə edilib.
Xatırladaq ki, 24 martda Rusiya və ABŞ arasında Ər-Riyadda 12 saat davam edən danışıqlar baş tutub və burada Qara dənizdə atəşkəs məsələsi müzakirə edilib.
Bundan öncə Ryabkov ABŞ-nin NATO-dan çıxacağına şübhə etdiyini bildirmişdi.