Fon der Leyen: Putin-Tramp telefon danışığı Ukraynada sülh yolunda irəliləyiş ola bilər – ÖZƏL
19 Mart 2025 16:36 DünyaOlaylar.az xəbər verir ki, Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Leyen Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında baş tutan telefon danışığının Ukraynada sülhə doğru addım ola biləcəyinə ümid etdiyini bildirib.
"Ukraynanın bu dəhşətli müharibədən çıxış yolu hərtərəfli, ədalətli və dayanıqlı sülh olmalıdır. Ümid edirik ki, dünənki telefon danışığı bu istiqamətdə irəliləyişdir", - deyə o, sosial şəbəkədəki paylaşımında vurğulayıb.
Avropa İttifaqının Ukraynaya dəstəyinin dəyişməz qaldığını bildirən AK rəhbəri bu mövqedə qətiyyətli olduqlarını qeyd edib.
Qeyd edək ki, martın 18-də Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub. Tərəflər Ukraynadakı münaqişədə 30 günlük atəşkəs elan edilməsi ideyasını, gərginliyin daha da artmasının qarşısının alınması yollarını və bir sıra beynəlxalq məsələləri müzakirə ediblər. Rusiya lideri, həmçinin, münaqişə tərəflərinin enerji infrastrukturuna hücumlardan çəkinməsi ilə bağlı ABŞ prezidentinin təşəbbüsünü dəstəklədiyini bildirib.